Məmməd Əvəzoğlu:
Şən nəğmələri bəstələyim
A mənim bəstə boylu, qönçədəhan şux bəbəyim,
Gəl, bahar fəsli kimi yollarına gül ələyim.
Bilməsin yoldan ötən, kəlağayını at başına,
Tapmasan yaylığını, gül bədəni mən bələyim.
Gəl bu cənnətməkana, ruhumu şad eylə bu gün,
İki aləmdə mənim bircə sən oldun mələyim.
Baş qoyum sinənə, sən tellərini sər üzümə,
Ətirli, isti qucağında bir az mürgüləyim.
Anasız ömr eləyən körpə uşaqlar kimidir,
Necə də rahət olur qoynuna girmiş ürəyim.
Nə olar, bir də o nankor gözəlin çəkmə adın,
Sən olan yerdə ,gülüm, başqası olmaz gərəyim.
Məmmədin hər qəzəli qəlbə yatan musiqidir,
Tək səninçün belə şən nəğmələri bəstələyim.


