Bəhram Şəms:
Mən...
Mən bir az payızı keçmiş küçəyəm,
yağışdan islanmış köhnə divaram,
Bir uşaq qorxusu, bir gənc sevgisi,
bir qoca qəlbində dərdəm, qübaram...
Mən bir az dənizdən üzülmüş liman,
köhnə gəmilərin yol gözləyəni,
Hər kəsin hər zaman sığındığı yer,
heç kimin heç yerdə əl yetməyəni...
Mən bir az səhərin açmamış çağı,
pəncərəm önündə yorğun küçələr,
Bir fincan çay kimi soyuyub gedir
sənin bilmədiyin çox düşüncələr...
Mən bir az məktəbdən dönən uşağam,
çiynimdə illərin ağır çantası,
İçimdə hələ də yaşayır bəlkə
anamın o həzin, kövrək laylası...
Mən bir az özümdə deyiləm indi,
fikirlər, qayğılar məni bitirib,
Bir uşaq nəfəsi qalıb içimdə,
o məni hardasa salıb, itirib...
Mən bir az həyatın yol yorğunuyam,
xəyalım min kərə dalıb, dağılıb,
Bir köhnə kücədə unutduğum dərd
elə oradaca qalıb, dağılıb...
Mən bir az atamın susqun baxışı,
anamın ağrıyan ayaqlarıyam,
İndi xatirələr məni sıxdıqca
zamanı kitabtək varaqlayıram..
Mən bir az dostlara gec çatan adam,
içində min sözlü lal bir nəfəsəm,
Hamının yanında gülümsəsəm də,
sadəcə boşluğam, boş bir nəfəsəm...
Mən bir az varlığam, bir az yoxluğam,
mən bir az kədərəm, bir az sevincəm...
Bir gün yada düşsəm, sadəcə deyin:
“Bu adam həsrətdi bir az sevincə...”


