Qafar Cəfərli:
Sözün Cahangiri
(Əsəd Cahangirin 60 illiyinə dost təbriki)
2026-cı ilin iyun ayının 25-də ədəbiyyatşünas, tənqidçi, publisist və tərcüməçi Əsəd Cahangirin 60 yaşı tamam olur.
Uzun illər əvvəl imzasını tanısam da canlı görüşümüzün yaşı beş ildən bir az çoxdur. Və bu beş ildə aramızda o qədər səmimi münasibət yarandı ki, bir-birimizə “dost” - deyə müraciət etməkdən çəkinmədik, əksinə qürurlandıq. Hər dəfə görüşdə məni “fikirləşdiyimdən artıq istədiyini” də deyir Əsəd Cahangir. Bu sözlərin təmannasız bir dostun ürəyindən,qəlbindən süzüldüyünə əmin olsam da və bununla qürur duysam da ona olan hörmət, ehtiram və sevgimi də yaxşı bilir.
Əsəd Cahangiri mənim üçün əziz və sevimli edən nədir? Bu yazını yazmamışdan əvvəl təbii ki, ilk olaraq bu sualın cavabını tapmağa çalışdım.
Dünya ədəbi tənqidinin ən böyük nümayəndələrindən biri Vissarion Belinski deyirdi: “Tənqid - düşünən zəkadır.” Belinskiyə görə: “Tənqid həqiqət deməkdir, tənqidçi xalq vicdanının səsidir, tənqidçi vicdanlı və cəsarətli olmalıdır, xalqın həyatından ayrı düşməməlidir.”
Keçən əsrin ikinci yarısından başlayaraq ədəbiyyatımızda Məmməd Arif, Pənah Xəlilov, Məmmədcəfər Cəfərov, Bəkir Nəbiyev, Yaşar Qarayev və başqa görkəmli alimlər ədəbiyyatşünaslıq elminin ədəbi tənqid sahəsinin mükəmməl nümunələrini yarada bildilər. Müstəqillik illərində bu sahə sanki kölgədə qaldı. Baxmayaraq ki, Vaqif Yusifli, Aydın Məmmədov, Nizami Cəfərov kimi tanınmış ədəbiyyatşünas alimlər bu sahədə uğurlu fəaliyyət göstərməyi bacardılar,lakin bu yetərli deyildi. Belə bir vaxtda Əsəd Cahangir imzası görünməyə başladı. Bir-birinin ardınca yazdığı məqalələri ilə o, ədəbi tənqidçidə olması vacib olan obyektivlik, dərin mütaliə və dünyagörüş, analitik düşüncə, ədalətli və vicdanlı olmaq, güclü və anlaşılan dil, fikirlərini ifadə etmək bacarığı və əlbəttə ki, müəllifin yaradıcılılğına hörmətlə yanaşmaq kimi xüsusiyyətlərə sahib olduğunu təsdiq etdi. Əsədin qələmində ədəbi tənqid yalnız “tərif” və ya “qüsur axtarmaq” deyil, ədəbiyyatı daha dərindən anlamaq, inkişaf etdirmək və cəmiyyətə düzgün təqdim etməkdir.
Böyük fransız yazıçısı Onore de Balzak deyirdi ki, “Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir”. Əsəd Cahangir böyük zəhməti hesabına əldə etdiyi biliyi ilə ədəbi tənqidin sayılan-seçilən nümayəndəsi olaraq özünü təsdiq edə bildi. O, “Uğur qazanmağın bir faizi istedadla, doxsan doqquz faizi isə zəhmət və ağılla bağlıdır” (Tomas Edisson-ingilis şairi) fikrinin bariz nümunəsi oldu.
Publisistika,tərcüməçilik,poeziya ilə məşğul olsa da Əsəd Cahangirin daha çox ədəbi tənqidçi kimi tanındığını və sevildiyini inkar etmək olmaz. Bu bəlkə də onun uzun illər “Azərbaycan” jurnalında tənqid və publisistika şöbəsinin müdiri, baş redaktor müavini kimi vəzifələrdə qazandığı təcrübədən irəli gəlir. Hətta son iki ilə yaxın bir müddətdə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri olaraq xidməti işləri ilə yanaşı köhnə şakərinə də sadiq qaldığını görmək mümkündür.
Əsədi tanıyandan sonra onun başqa bir istedad bucağını da özüm üçün kəşf etdiyimi sevinclə xatırlayıram. Bir dəfə “Ədəbiyyat qəzeti”ndə Əsəd Cahangirin bir teatr tamaşası haqqında təhlili yazısını oxudum və heyran qaldım. Teatrla, səhnə ilə, əsərlə və təbii ki, tamaşanın müəllifi olan rejossorla və ifaçı aktyorların oyunu ilə bağlı yazıda yer alan, peşəkar təhlilə, dolğun, məntiqli və elmi əsaslara söykənən düşüncələri onun teatr sənətinin mahir bilicisi olduğunu təsdiq edirdi. Mən bu barədə fikrimi ona çatdıranda məlum oldu ki, Əsəd Cahangirin teatr sənətinə olan sevgisi uzun illər əvvələ gedib çıxır və o görkəmli aktyorlarla baglı çoxlu sayda yazıların müəllifidir.
Tale elə gətirdi ki, 2024-cü ilin 7 noyabr Zəfər günündə mənim “Şəhid bayrağı” adlı pyesim Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyuldu. Həmin tamaşanı digər dostlarla yanaşı Əsəd Cahangir də birbaşa zaldan seyr etdi və tamaşa ilə bağlı yazdığı “Şəhidlər ölməz, bayrağım enməz” adlı geniş və mükəmməl yazısı “Ədəbiyyat qəzeti” nin 15 noyabr 2024-cü il tarixli sayında işıq üzü gördü.
Əsəd Cahangirin geniş biliyə, intellektual düşüncəyə və məntiqli elmi və nəzəri izah etmək bacarığına malik olması hər kəs tərəfindən qəbul edilir.
Əsədi mənim üçün dəyərli edən ən başlıca amil isə onun şəxsiyyəti ilə bağlıdır. Yerini və sözünü bilən, səmimi, söhbətcil, nəzakətli və abırlı davranışı, dostcanlı və dostlara qarşı yüksək ehtiramı və qayğısı, bütün bunları ümumiləşdirsək yüksək insani və ziyalı keyfiyyətləri onun şəxsiyyətini xarakterizə edən xüsusiyyətlərdir.
Böyük rus yazıçısı və mütəfəkkiri Lev Tolstoyun belə bir fikri var: ”Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur.”
Bütün qeyd etdiyim xüsusiyyətlərini nəzərə alsaq Əsəd Cahangirin böyüklüyü göz qabağındadır. Əslində bu böyüklüyü o, həm də doğulandan haqq edir- desəm yanılmaram.
Yazını hazırlayarkən apardığım qısa araşdırmadan məlum oldu ki, ərəb mənşəli olan ƏSƏD sözü güc, igidlik, cəsarət və hökmranlıq mənasını; fars mənşəli CAHANGİR sözü isə (“Cahan” - dünya, aləm, kainat ; “Gir” isə tutan, fəth edən, ələ keçirən olmaqla) “Dünyanı fəth edən”,“Dünyaya hakim olan”,“Aləm fatehi” mənasını verir ki, bu da çox mətləblərdən xəbər verir. Hələ bundan xəbərsiz hər dəfə görüşənda ona: “Sözün Cahangiri”- deyə müraciət etməyimə indi məmnunluqla haqq qazandırıram.
Düzü Əsəd Cahangirin 60 yaşı olmağına inanmağım gəlmir. Nə fiziki, nə də mənəvi baxış bucağından ona bu yaşı verməkdə çətinlik çəkirəm. Buna rəğmən Əsəd Cahangirin artıq 60 yaşın həyacanını yaşaması faktdir. Arxaya baxanda illərin belə tez keçməsinə nə qədər təəssüflənsə də əvəzində şərəfli bir “söz adamı ömrü” yaşamasına sevinmək onun halal haqqıdır.
Bir neçə gündən sonra dostum Əsəd Cahangir ömrünün ahıl yaşına qədəm qoyacaq. Onu bu möhtəşəm yaşı münasibəti ilə ürəkdən təbrik edirəm. Qarşıda hələ qocalıq və uzun ömürlülük yaşı gəlir. Bircə arzum onun bu illəri sağlam və gözəl yaşamasıdır. Ədəbi və elmi uğurların isə onunla həmişə qoşa addımlayacağına tam əminəım.


