Güləşçimiz Paşa Aslan finalda erməni Paşa Xudoyani məğlub edərək Avropa çempionu olub
Bolqarıstanın Samokov şəhərində 15 yaşlı (U-15) yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa birinciliyi davam edir. Yunan-Romaçıların çıxışı ilə start götürən çempionatın ikinci günü Azərbaycan yığması üçün uğurlu olub. Belə ki, həmin gün həlledici final görüşünə çıxan hər iki güləşçimiz bu görüşünü də qələbə ilə başa vuraraq, öz çəkisində Avropa çempionu olub. Çempionlarımizdan biri - Paşa Aslan (44 kq) çempionluq uğrunda görüşdə etməni güləşçi, onunla eyni adı daşıyan Paşa Xudoyanla üzləşib. Görüşdən 4:1 hesablı qələbə ilə ayrılan Paşamız Avropa çempionu olub. Digər çempionumuz - Hüseyn Əmrahli (38 kq) isə finalda estoniyali Daniel Samueli üstələyib - 9:0.
Yeri gəlmişkən, birinciliyin ikinci günü daha 3 yunan-Romaçımız və 5 zərif cinsdən olan güləşçimiz mübarizəyə qatılıb. Bunlardan isə yalnız Ülviyyə Musayeva (33 kq) imamla güləşərək finala yüksəlib. O, bu gün finalda türkiyəli Yaqmur Minazla üzləşəcək.
İNTİQAM Məmmədov


