Bölgələrdən olan şəhid anaları üçün Sumqayıt Bayraq Muzeyində tədbir təşkil edilib +FOTO=30
Azərbaycan Yazıçılar Birliyinin üzvü şairə Esmira Günəş 22 may tarixində Sumqayıt Bayraq Muzeyində tədbir təşkil edib.
"Biz sizi çox sevirik" adlı tədbirdə Qusardan Şəhid Oleq Cəfərovun anası Tinatin xanım, şəhid Çoban Nurmətovun anası Raziyyə xanım, şəhid Sənan Zamanovun anası Şükufə xanım, Kürdəmirdən Şəhid Adəm Əliyevin anası Akifə xanım, Lənkərandan şəhid Həsənağa Abdullazadənin anası Səmilə xanım, Xudatdan şəhid Fəxrəddin Fərəcovun anası Bahar xanım, Sumqayıtdan şəhid Rüfət Mustafayevin anası Afət xanım və şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanımla yanaşı, şəhid ailələrinin doğmaları, Sumqayıt şəhər 7 saylı "Günəş" baxçasının müəllim və şagird kollektivi, Sumqayıt şəhər Mədəniyyət evinin nümayəndələri və şairə Esmira Günəşin "Günəşin Nuru" komandasının üzvləri iştirak ediblər.
Elay Abbaszadənin, Elgün Abbaszadənin, Yusif İmanovun, Kamilə Ağasıyevanın, Damla Babalının, Nuray İlyasovanın, Aytac İsmayılzadənin, Leyla Poladqızının, Nuray Cəfərovanın, Mədinə Məmmədovanın tədbirdə maraqlı çıxışları, hazırladıqları şeir, rəqs və musiqi nömrələri qonaqlara xoş anlar yaşadıb. Şairə Esmira Günəş tədbirin sonunda şəhid Fəxrəddin Fərəcovun bacısı Rübabə xanımın və şəhid Rüfət Mustafayevin anası Afət xanımın ad gününü komandası ilə birlikdə təşkil etdiyi sürpriz hədiyyələrlə təbrik edib. Tədbir boyunca şəhid anaları gözəl anlar yaşayıb. Şairə Esmira Günəş şəhid analarının yer aldığı "Şəhid anası baş tacımızdır bizim" kitabını analara təqdim edib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdıqdan sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.


