Xalça Muzeyində “Sənət körpüsü... Azərbaycan–Türkiyə” adlı sərgi açılıb
Mayın 19-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərginin açılış mərasimi, eyniadlı sənədli filmin təqdimatı keçirilib. Sərgidə rəssamın təsviri sənətin müxtəlif növ və janrlarında yaratdığı 50-dək əsəri nümayiş etdirilib.
Eldəniz Babayevin 55 illik yubileyi ərəfəsində təşkil edilən tədbir ideya-məzmun baxımından bir neçə mühüm məqamı özündə birləşdirir. Sərginin 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramına təsadüf etməsi Azərbaycan və Türkiyə arasında tarixi, mədəni və mənəvi bağların sarsılmazlığını sənət dili ilə ifadə edir.
Ekspozisiyada Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, eləcə də türk tarixində və xalqlarımızın istiqlal mübarizəsində mühüm rol oynamış sərkərdələrin, Azərbaycan və Türkiyənin istiqlal ideyalarını yaradıcılığında tərənnüm etmiş görkəmli şairlərin portretləri yer alır. Burada rəssamın 2025-ci ildə yaratdığı və hazırda İstanbulda Türkiyə İş Bankının binasında, M.K.Atatürkə həsr olunmuş salonda sərgilənən “Atatürk İş bankçılarını salamlayır – 1927” adlı əsərinin eskizi, həmçinin hər iki ölkənin mədəniyyətini, ənənələrini, məişətini əks etdirən əsərlər də nümayiş olunur.
Sərgidə türk və macar xalqları arasında tarixi dostluq və mədəni yaxınlığın bədii təcəssümü kimi macar xalqının etnoqrafiyasını əks etdirən əsərlər və istiqlal şairi Şandor Petöfinin portreti də təqdim edilir.
Ekspozisiyanı müəllifin Azərbaycan xalça sənətinin böyük ustadı, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun anadan olmasının 120 illiyi münasibətilə yaratdığı portret və xalça mövzusunda tablolar tamamlayır.
Sərgi iyunun 2-dək davam edəcək.


