İldırım Şükürzadə:
Nəsihətnamə - müasir Qabusnamə
Bu yaxınlarda "NƏSİHƏTNAMƏ" adlı kitabın I hissəsi işıq üzü görmüşdür. Bununla bağlı müəllif və müəyyən oxucular tərəfində sosial şəbəkədə paylaşımlar da edilmişdir.
Kitabın müəllifi dost və tanışların daha çox "doktor" deyə müraciət etdikləri yazıçı, dramaturq, jurnalist, həkim Şəfahət Şəfidir. 1965-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olan və Lənkəran şəhərində yaşayan Şəfahət Şəfi çağdaş nəsrimizin istedadlı nümayəndələrindən biri və eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin Lənkəran rayon təşkilatının sədridir.
Onu şəxsən tanıyıram, rayonda keçirilən tədbirlərdə dəfəlırlə birgə iştirak etmişik. O yaxşı və məhsuldar ədib, jurnalist olmaqla yanaşı, həm də gözəl müsahibdir.
Bir neçə gün öncə Lənkəran şəhərində təsadüfən Şəfahət Şəfi ilə rastlaşdıqda ondan kitab payımı istədim. O, əlindəki çantadan "NƏSİHƏTNAMƏ" kitabını çıxarıb mənə hədiyyə etdi. Vaxt məhdudiyyətinə baxmayaraq kitabı böyük maraqla oxudum. Məndə xoş təəssürat oyatdığı üçün kitab haqqında resenziya yazıb, hörmətli oxucularla paylaşmaq qərarına gəldim.
Şəfahət Şəfinin "NƏSİHƏTNAMƏ" adlandırdığı kitab 2026-cı ilin yanvar ayında Bakıda, "İMZA" nəşrlər evində çap olunmuşdur. Kitabın redaktoru Natəvan Həsənovadır. 200 tirajla çap olunan kitab 328 səhifədən ibarətdir.
Kitab Ailə, valideyn - övlad və nəsil bağı; Evlilik, ev içi həyat və; Boşanma və ayrılıq sonrası münasibətlər; Şəxsi inkişaf, xarakter və psixoloji dayanılılıq; Zaman, intizam, qərar və vərdişlər; Mənəviyyat, vicdan, iman və əxlaq; Pul, halal qazanc və maliyyə mədəniyyəti; Təhsil, peşə və yaradıcılıq intizamı; Fanilik və yekun düşüncə xətti adlanan 9 fəsildən və 82 yarımbaşlıqdan (essedən) ibarətdir.
Kitab "NƏSİHƏTNAMƏ" adlandığından müəllif bütün yarımbaşlıqlarda oxucuya "Oğlum, qızım ..." deyə xitab edir.
"NƏSİHƏTNAMƏ" adından da göründüyü kimi nəsihətlərdən, ibratəmiz kəlamlarda ibarətdir. Heç də təsadüfi deyildir ki, kitabın üz qabığında "NƏSİHƏTNAMƏ" ilə yanaşı, həmçinin HƏYAT BƏLƏDÇİSİ məhfumu da öz əksini tapmışdır. Kitabı oxuduqca onun sanki böyük bir filosofun qələminin süzgəcindən yarandığını düşünürsən.
"NƏSİHƏTNAMƏ" bir həyat məktəbi və əxlaq kodeksidir. Müəllifin də yazdığı kimi bir yol yoldaşıdır. Bu gün belə kitablara daha çox ehtiyac duyulur.
"NƏSİHƏTNAMƏ" ilə məşhur "QABUSNAMƏ" arasında böyük oxşarlıq gördüyüm üçün onu tərəddüd etmədən müasir dövrümüzün "QABUSNAMƏ"Sİ adlandırardım.
Qeyd edək ki, nəsihətlərdən, məsləhətlərdən ibarət olan "QABUSNAMƏ" hicri-qəməri təqvimi ilə 475, miladi təqvimi ilə isə 1082-1083-cü illərdə fars dilində yazılmış və o Şərqdə böyük şöhrət qazanmışdır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan "NƏSİHƏTNAMƏ" kitabından yaşından asılı olmayaraq hər kəs faydalana bilər. Xüsusilə gənclərə bu dəyərli kitabı alıb, oxumalarını məslət görərdim.
Son olaraq kitabın müəllifi hörmətli yazıçı dostum Şəfahət Şəfini hər bir dövr üçün çox qiymətli sayıla biləcək belə bir kitab ərsəyə gətirdiyi üçün təbrik edir, ona sağlam uzun ömür, çoxşaxəli fəaliyyətində, o cümlədən ədəbi yaradıcılığında uğurlar arzulayıram.
Əminik ki, kitabın II hissəsi də tezliklə oxuculara təqdim olunacaqdır.


