Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Anar Tağıyev:

“İki arzum var; Xankəndiyə bayrağımızı sancmaq və anamı görmək” – Milli Qəhrəman Yusif Mirzəyevin doğum günü

“İki arzum var; Xankəndiyə bayrağımızı sanmaq və anamı görmək”, - şəhid Milli Qəhrəmanımız Yusif Mirəzyevin doğum günüdür: Meydan hərəkatında iştirak etmişdi. 20 Yanvar hadisələri zamanı onu həbs edib, döymüşdülər, elə işgəncələr vermişdilər ki, böyrəkləri zədələnmişdi. Bakıdakı işini atıb, könüllü cəbhəyə yollanmışdı. Orduya könüllü ərizə verdiyini xanımına bir neçə gün sonra demişdi. Anası Rəfiqə Mirzəyeva bir dəfə cəbhəyə oğlunu görməyə gedir. Yusif Mirzəyevin hörməti o qədər çox idi ki, hərbçilərimiz gələn qadının onun anası olduğunu biləndə “Yusifə can qurbandır”, - deyib, qadının postdan ön cəbhəyə buraxırlar. Yusif Mirzəyev anasına “bacı” deyərdi. O, Ağdərədə anasını qarşılayır, ağacdan armud dərib anasına verir, “bacı, bunu ye”, - deyir. Sonra silahını anasının çiyninə salıb, “qəhrəman ananın qəhrəman oğlu olar”, - deyir. Qəhrəman sonra anasını Ağdərənin küçələrində gəzdirir. 
Əsgərlərinə qarşı çox qayğıkeş, mehriban komandir olub. Əsgərlərinin corablarından tutmuş, bütün geyimlərinə şəxsən özü nəzarət edirdi. Çox gözəl təşkilatçılıq qabiliyyəti vardı. Hamı onunla məsləhətləşərdi. Yusif Mirəzyev Ağdərəni cəmi 14 döyüşçüsü ilə qoruyurdu. Onlara Ağdərəni tərk etmək əmri verilsə də, Yusif Mirzəyev ərazini tərk etmir. Milli Qəhrəman düşməni elə aldadırdı, düşmən elə bilirdi ki, onların sayı 150 nəfərdir. Gecələr bir neçə yerdə tonqal qaladardı. Düşmən elə bilirdi ki, Yusif Mirzəyevin böyük sayda şəxsi heyəti var.
Onun çox sevdiyi “İgid əsgər” mahnısını əvvəlcə Xalq artistimiz Faiq Ağayev oxumalı idi. Lakin müğənni həmin vaxt Azərbaycanda deyildi. Belə olduqda Yusif Mirzəyev mahnını oxumağı hospitalda palata yoldaşı Şəmistan Əlizamanlıya təklif edir. 
Görkəmli xanəndəmiz Qədir Rüstəmovun oğlu Azər Rüstəmovun oğlu da onun dəstəsindəydi. 
1992-ci il dekabrın 31-də - Yeni il gecəsi xəstə ola-ola hospitalı tərk edib cəbhəyə gedir. Onu müalicə edən həkim Şahin Musaoğluna “Bilirəm məni danlamağa gəlmisən. Bilirəm, canım əldən gedir, ancaq candan da əziz olan Vətən də əldən gedir”, - deyib cəbhəyə yollanır.
Səhhətində problem olduğundan onu cəbhədən qaytarmaq istəyirlər. Xanımı Nailə Mirzəyeva: Müharibə vaxtı Yusif Mirzəyevi Nəsimi rayon Polis İdarəsində vəzifəyə təklif etdilər, lakin o, “Mən cəbhədə körpə balaları başsız qoyub, Bakıya gələ bilmərəm”, - deyir. 
Şəhadətindən bir gün əvvəl 7 əsgəri ilə mühasirəyə düşür. Şəhid olacağını sanki bilirdi. Əsgərlərini döyüş yoldaşı polkovnik İlqar Həsənova əmanət edir: “Bilirəm, mən sabah olmayacam, bu uşaqları qoru, onların birinə nəsə olsa, səni o dünyada bağışlamayacam”. O, bundan sonra 7 əsgərinə son məsləhətlərini verir və bir gün sonra şəhid olur.
Onu müalicə edən dostu, həkim Şahin Musaoğluna deyir: “Mən ya müharibədən zəfərlə dönəcəyəm, ya da şəhid olacağam. Məni əsir götürə bilməyəcəklər”. 
İki ən böyük arzusunu operator Seyidağa Mövsümlüyə demişdi: “Ən böyük arzum Xankəndini azad etmək, üçrəngli bayrağımızı ora sancmaq və anamı görməkdir. Anamı lap çox istəyirəm. İstəyirəm anam görsün ki, sağlamam. Məndən yana narahat olmasın. Əgər qismətimdə varsa, qayıdacam, qismətimdə yoxdursa şəhid olacam”.

Best coffeeshop in Berlin