Araz Əhmədov şəhid anasını ziyarət edib
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayon Mərkəzi Xəstəxanasında müalicə alan şəhid anası Şabikə Məcid qızı Əsgərovanı ziyarət edib.
Qeyd edək ki, Böyük Xocavar kənd sakini Şabikə Əsgərova Birinci Qarabağ müharibəsi şəhidi Qismət İlyas oğlu Məcidovun (20.12.1967-08.05.1992) anasıdır.
Ziyarət zamanı Rayon İcra Hakimiyyəti aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadiyev, həmçinin Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru İlqar Ramizoğlu da iştirak ediblər.
Görüş zamanı şəhid anasının səhhəti və müalicə prosesi ilə yaxından maraqlanılıb, ona göstərilən tibbi xidmətin səviyyəsi barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması və onların daim diqqət mərkəzində saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şabikə Məcid qızı Əsgərova isə ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, şəhid ailələrinə göstərilən xüsusi münasibətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova və Masallı Rayon Mərkəzi Xəstəxanasının kollektivinə təşəkkürünü bildirib.
Akif AĞAYEV


