Ömər Xəyyam:
Gənclərə yer verilməsə, milli kino dirçəlməyəcək
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının vəziyyətindən xəbəri olan, həm də bilir ki, ölkədə müstəqil kinoteatr yoxdur, üstəlik, divarına qraffiti çəkən gəncləri linç edənlər Nizami Kino mərkəzinin içindəki səs sistemindən, məsələn, işıq pulu borcu olduğundan da agahdır və əminəm, onlar ağzıgünə qalmış milli kinonun bir neçə yaşlı, mövcudiyyətini populist bəyanatlarla, vətənşüvənliklə, tez-tez milli/mənəvi, əxlaqi/kövrək notlarla qorumağa çalışan, yumşaq desəm, bir ayağı burda, bir ayağı gorda, 95-ci ildən bu yana filmə baxmamış, yeni tendensiyalardan, yeni temalardan, mövzulardan yeddi köynək uzaq "sərkərdələrin" yaxşı görməyən gözüylə kor edildiyini, rəngsizləşdiyini, yaxşı eşitməyən qulağıyla kar olduğunu, axsaq ayağıyla xeyli geridə qaldığını, bürokratik əngəllərin içində boğulduğunu, "Akinak", "Aşquzlar", "Atropatena" kimi uydurulmuş tarixin sovrulmuş pullarıyla tarixə, dövlətə və milli kinoya xəyanət etdiyini də hiss edir, görür, eşidir.
açığı, o sərkərdələrdən biri də Şəfiqə xanım Məmmədovadır.
81 yaşlı Şəfiqə xanım xalq artistidir, sabiq deputatdır, sədrdir, prezident təqaüdü alır, istiqlal ordeni ilə təltif edilib və sair və ilaxır.
xub!
bəs bunca orden/medal/təltifnamələr almış aktrisa kino, kino sənayesi haqqında nə bilir? HEÇ NƏ!
məlum, bir neçə ortabab o dövrün ideoloji çağırışıyla, mövcud şəraitsizlik, alternativsizlik ucbatından deputatlıqdan haralaracan ucaldılıb, di gəl, funksionallıq SIFIR, faydalılıq SIFIR!
məsələn, Şəfiqə xanım Məmmədova hansı əməllərinə görə sizdən ötrü təqdirəlayiqdir?
indi o, ən yaxşı halda, prosesi - əgər doğrudan, canı yanırsa, - ev şəraitində izləməli, nəvə/nəticələriylə vaxtını keçirməli, onlara oxşamalar, nazlamalar deməli, sistemdən doğan şansa görə mütəmadi şükr etməli, gənclərə xeyir/dua verməlidir.
və beləcə, funksionallığı, faydalılığı olan, lazım gələndə yaxasından yapışa biləcəyimiz, çəkinmədən tənqid/təqdir edəcəyimiz Ali Isa Jabbarov sədr seçilməli, ölməkdə olan milli kinoya can verməkdən ötrü qollarını çırmalamalı, gənclərlə, yeni nəfəslərlə işığa doğru addımlamalıdır.
bu gün ümidliyik!
özlərindən kino çıxarmasalar, bir qırıq ümidimiz var..,


