Günel Musa:
Köhnə idarəetmə modeli və kino sənayesinin gələcəyi
Əvvəla onu deyim ki, Əli İsa Cabbarovun sədr seçilməsi daha məntiqli idi. Çünki o, uzun illərdir ittifaqın el dilində desək "cikini də bilir bikini də". Real problemləri daha dəqiq görür. Formal strukturu yox, faktiki iş mexanizmini bilir. Belə bir üstünlük idarəetmədə çox vacibdir. Təbriklər və uğurlar arzu edirəm. Eyni zamanda ümid edirəm dəyişiklik etməkdə ehtiyatlı davranmayacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və onun yeni sədr seçkisi son illərdə kino ictimaiyyətində ən çox müzakirə olunan mövzulardan biridir. Azərbaycan kino, teatr mühitində uzun illərdir davam edən bir tendensiya var. Postların eyni simaların əlində qalması. Bu isə artıq təkcə “təcrübəyə hörmət” məsələsi kimi yox, açıq şəkildə yenilənmənin qarşısını alan struktur probleminə çevrilib.
Bir çox hallarda rəhbər vəzifələrə seçim real idarəetmə bacarığına görə yox, "korifey”, “tanınmış ad”, “sənət tarixində iz qoymuş sima” faktoruna görə edilir.
Bu yanaşma zahirən hörmətli görünsə də, praktikada ciddi sual yaradır. Kino sistemi idarə olunur, yoxsa xatirələr idarəetməni əvəz edir? Gəlin qəbul edək ki, müasir kino artıq rəqəmsal platformalar üzərindən formalaşır, qlobal bazarda rəqabət aparır, texnologiya ilə sıx bağlıdır və
sürətli qərarvermə tələb edir. Biz kino sənayesinin həqiqətən də inkişafını arzu ediriksə təkcə simvolik adlara güvənməməliyik.
Çunki müasir kino təkcə sənət deyil, həm də idarəetmə, biznes və texnologiya sahələrinin birləşdiyi kompleks sistemdir. Bu sistemdə qərarlar yalnız yaradıcılıqla yox, eyni zamanda marketinq, rəqəmsal platformalar, beynəlxalq əməkdaşlıq və maliyyə planlaması ilə bağlıdır.


