Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Asif Rüstəmli:

“Milli nəğmələr” görüşünüzə müştaqdır

Uzün müddətdən bəri üzərində çalışdığımız, Cümhuriyyət yadigarı olan  “Milli nəğmələr” (poeziya toplusu) 107 ildən sonra ilk dəfə ərəb qrafikasından müasir əlifbaya transfoneliterasiya və nəşr edilərək oxucu auditoriyasına tələsməkdədir. Azərbaycan və Türk ədəbiyyatının seçkin şeir nümunələrinin yer aldığı bu almanaxda hazırkı dövlət himnimizin ilk çap mətni olan Cəmo bəyin “Vətən marşı” kitabın ön sözündə incələnmiş, müəlliflə bağlı mübhəm məsələlərə tam aydınlıq gətirilmişdir. 
“Milli nəğmələr” kitabına 77 şeir və toplunun faksimilesi daxil edilmişdir. Nəzm müəlliflərinin bir qrupunun Türk ədəbiyyatının görkəmli nümayəndələri olduğu bəllənir. Namiq Kamal, Tofiq Fikrət, Əhməd Kamal, Məhəmməd Əmin Yurdaqul, Məhəmməd Sahib,  İsmayıl Həqqi bəy, Feyzi bəy, Əli Kami Akyüz, Əli Ələvi, Müəllim Naci, Abdulla Cövdət və digərlərinin hərbi vətənpərvərlik, yurdsevərlik, elm, maarif, təhsil, mədəniyyət, mənəviyyat, əxlaq, haqsızlıq, ədalətsizlik və b. mövzularda yazdıqları vətənə və millətə həsr olunmuş şərqilər, qəhrəmanlıq marşları, nəğmələr yüksək zövq və böyük peşəkarlıqla seçilərək “Milli nəğmələr”ə daxil edilmişdir. 
“Milli nəğmələr” kitabı Abbas Səhhətin “Azərbaycan” şeiri ilə açılır, şairin “Fəryad” və “Quşlar” şeirləri də nəşrdə yer almışdır.
Satirik şair Mirzə Ələkbər Sabirin elm, təhsil və tərbiyədən bəhs edən “Elm və birligə tərğib”, “Məktəb” və “Məktəbə tərğib” şeirləri də topluya daxil edilmişdir. 
“Milli nəğmələr”də ən çox şeiri çap olunan şair Ağa Əli Nasehdir. Onun altı şeiri Naseh imzası ilə, on bir şeiri isə imzasız olaraq kitabda yuvalanmışdır. Mirzəzadə qardaşlarının şairə bu lütfkarlığı Nasehin vaxtikən Şamaxıda onlara göstərdiyi təmənnasız səxavətinin bədəli, minnətdarlıq nişanəsi kimi də dəyərləndirmək olar.
Poeziya çələngi Məhəmməd Hadinin “Çocuğa xitab” müsəddəsi, “Turaninin (Əli bəy Hüseynzadə) “Hali-vətən”,  Məhəmməd Füzulinin “Şəbi-hicran”, Rəşid bəy Əfəndizadənin “Nəsihət”, “Gap”, “Durna”, Mirzə Cəlal Yusifzadənin “Vətənim”, Mirzə Nəsib Qüdsinin “Nəğmə”, Xədicə xanımın “Milli marş”, Rəbiyyə xanımın “Ninni”, Əli Abbas Müznibin “Ögüd” və digər əsərlər ilə süslənmişdir. 
Kitabı nəşrə hazırlayanı, ərəb qrafikasından transfoneliterasiya edəni, lüğətin, qeydlərin və ön özün müəllifi filologiya elmləri doktoru, professor Asif Rüstəmli, Elmi redaktoru Prof.Dr.Solmaz Rüstəmova-Tohidi, transfoneliterasiya redaktoru  Səhra Rzayi Zəncanlıdır.
Tərtibçi-müəllif kitabın araya-ərsəyə gəlməsində müstəsna dəstək nümayiş etdirmiş Fərid Hüseynə, Əli Məmmədbağıroğluna, Ədibə xanım İsmayılovaya və Ülkər xanım Talıbzadəyə səmimi təşəkkürlərini bildirir.
Dəyərli dostlar! Qurban bayramınız və müstəqillik gününüz mübarək olsun!

Best coffeeshop in Berlin