Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Vaqif Bəhmənli:

Cabir Novruz – “Sağlığında qiymət verək insanlara...”

Bu gün Azərbaycanın böyük şairi Cabir Novruzun doğum günüdü. Onun yaradıcı şəxsiyyətini əks etdirən yazını paylaşıram. Məqalə -Vaqif Bəhmənli. Əsərlər. VIII c.-də dərc olunub.

SAĞLIĞINDA QİYMƏT VERƏK İNSANLARA...
...Mənə elə gəlir varlığım, canım,
Loğmanlar loğmanı Azərbaycanım,
ürəyi istəsə diriləcəyəm,
Mənə oğul desə, diriləcəyəm...
İllərim ötüşür karvanlar təki,
Gah səhər görürəm, gah da ki, axşam.
İnana bilmirəm, gün gələcək ki,
Mən də bu dünyada olmayacağam...


Cabir Novruz
Bu şerin qələmə alınmağından təqribən otuz il ötəcək və otuz ilin tamamında gen nəfəsli, coşqun ilhamlı şair, milli poeziyamızın bənzərsiz sənətkarı Cabir Novruzun inana bilmədiyi bu acı həqiqət onun doğulduğu dağlar arasındakı balaca Upa kəndində, şairlər yurdu Xızı obasında yaşayan sadə adamların, doğmaların, dostların, yüz minlərlə oxucunun və nəhayət bütün Azərbaycan xalqının bağrının başını göynədəcək, hətta bu acı dərdə qalın-qalın buludlar yas tutacaq, dərin-dərin göylər ağlayacaq...
Və elə o qarlı-çovğunlu dekabr günü başdan-başa sirli, qəribə və qəribə olduğu qədər də təbii, qanunauyğun bir hadisə baş verəcək...
İnana bilmirəm bu həqiqətə,
Ölüm dediyimiz əbədiyyətə
– söyləyən şairin bu fani, etibarsız dünyada əbədi bir sükuta qərq olduğuna inanan bircə nəfər insan övladı tapılacaqsa, o da yalnız Cabir müəllimin özü olacaq! Və ən qəribəsi də bu olacaq ki, Cabir müəllimin yoxluğuna, onun bir daha ehmal, yumşaq addımlarla kədərli, bəlkə də göynər baxışlarla iş otağına keçib qələmə-kağıza sarılmayacağına, qartal qanadları kimi uzun qollarını açıb şeir oxumayacağına onun özündən başqa bir kimsə inanmayacaq...
Cabir müəllim əbədi bir sükutla bildirdiyi inamında haqlıdır! Çünki haqq dünyası hər kəsin halal haqqıdır...
Cabir müəllimin yoxluğuna inanmayanlar da haqlıdırlar. Çünki böyük şairlərin yaşamaq haqqı həmişə bu dünyadadır!..
* * *
Nə edə bilərəm ki, şair Cabir Novruzun nəfəsi olmayan bir dünyanın mövcudluğuna inana bilmirəm.
Əlbəttə, həqiqi poeziyanın bir küll halında meyarı demək olar ki, vahiddir. Meyar vahidliyi mürəkkəbdən sadəyə doğru təkamülün, yaxud incələmənin nəticəsi olduğuna görə əksər hallarda poeziyanın tərifini vermək mümkünsüz olur, ən azı çətinlik yaradır. Çünki poeziyanın tərifi şerin tarixi təcrübəsini ümumiləşdirmək yolu ilə deyil, konkret bədii parçanın, əlin altında olan, ayrıca götürülən örnəyin əsasında verilir. Və poetik qiymətləndirmənin, mənə görə, ən doğru yolu budur...
Amma bir şərt də var, üslublar, ifadə tərzi fərdi xarakter daşıdığına görə bir şairi fikir şairi, başqa birisini metafora ustası, digərini nəğməkar şair, kədər şairi və s. deyə yad etmək bir az öncə deyildiyi kimi poeziyanın vahid meyarı ilə qətiyyən ziddiyyət təşkil etmir.
Və mənə görə nəğməkar şair, tribun şair, humanist şair, vətəndaş şair, gənclik şairi... olan Cabir müəllim bu dəyərlərin hər birindən daha çox nəfəs şairidir. Cabir müəllimin obrazlı özünüifadəsi ilahidən gəlmə bir nəfəslə, Cabir Novruza qədər Azərbaycan poeziyasında olmayan bir havayla bağlıdır. Bir-birini qova-qova axıb gələn milyonlar, milyardlarla saf hava zərrəciklərinin mənbəyi, yuvası sözsüz ki, söz tariximizin ən dərin qatlarındadır. O saf, təmiz hava Cabir Novruz ilhamının qüdrəti, dözümü ilə söz tariximizin ən dərin qatlarından bu günə daşınır. Bəlkə elə buna görədir ki, estetik təfəkkürün əbədi mövzusunu, min illərdən bəri dəyişməyən xeyir və şərin, ölüm-dirim çarpışmasının təsirli təsviri Cabir Novruz şerinin əsas qayəsidir.
* * *
Bir şair nəfəsi tükənməyən, qırılmayan monolit, bütöv bir ardıcıllıqla axıb gəlir, o axın qarşısına çıxanı, yolunun üstündəki maneələri silib-süpürür, qovur, içində əridib saflaşdırır.
Cabir müəllimin ilk kitablarından son kitabına qədər inandığı sadə həqiqət, yaradıcılıq qayəsi bundan ibarətdir ki, insan və cəmiyyət münasibətlərinin ideal tarazlığını yalnız və yalnız hər bir fərdin mənəvi saflığı, daxili təmizliyi yarada bilər!
Bu mənada şairin “İnsan himnləri” poeması himn olmaqla yanaşı, həm də onun özünün şair manifestidir. Cabir müəllimə görə:
Ən şəfalı dərman insan ülfətidir,
Ən əbədi bulud insan möhnətidir,
Ən qüdrətli muzey insan məzarıdır...
Amma hər insanın da məzarı muzeyə dönmür!
Bunun şərti çox adidir, həm də çox çətin...
Məzarı muzey olan, alilik mərtəbəsinə yüksələn insan məhəbbətə baş əyən insandır!
Çünki:
Məhəbbətsiz bu kainat viranədir?...
Şair inanır ki:
Sanma pulla özlərini donduranlar
buz yuxuya cuman kəslər diriləcək!
Dirilsə də, gözlərini sevgi ilə
yuman kəslər diriləcək!


Ali insan həqiqəti deyən insandır! Həm də:


Həqiqətsiz bir məmləkət, qanundu bu
Milyonlarla oğlu olsa, sonsuz olur.
Həqiqəti deyən ölkə nəhəng olur,
Həqiqəti deyən torpaq sonsuz olur...


Ali insan bütöv insandır!


Dad yarımçıq toxumlardan,
Dad yarımçıq qohumlardan,
Dad yarımçıq vicdanlardan,
Dad yarımçıq insanlardan!


Ən ali insan ilkinliyinə bağlı insandır!
Ən ali insan təbii insandır!..
Cabir Novruzun poeziyasının havası səmimiyyətin havasıdır. Bu poeziya tale poeziyasıdır. Və öz ədəbi nəsli, öz yaşıdları arasında məhz Cabir Novruzun poeziyası daha çox tale poeziyasıdır. Bu poeziya sadə, tamamən iddiasız olan, dişi-dırnağı, zəhməti, əziyyəti sayəsində öz məqsədinə – şairlik arzusuna qovuşan, ömrünü halal yaşayan, özünü, süfrəsini bir toz zərrəciyi qədərində haramlıqdan qoruyan, kasıblığın, yetimliyin, dar günün zəhrimar acısını şəxsən dadan, intriqalardan nəinki aralı, həm də ucada durmağı bacaran, yaltaqlığa, xırdalığa, insanın üzündə, içində pis adına nə varsa onların hamısına nifrət eləyən, fəqət uşaq kimi təmiz ürəkli, inanan bir şairin dünyaya... meydan oxumasıdır!
Cabir Novruz şeri dünyaya meydan oxuyan şeirdir. Cabir Novruz dünyanın yaxasından yapışıb ondan sülh, dinclik, məhəbbət, bütövlük, haqq-ədalət, təmizlik, gözəllik tələb edən şairdir! O, dünyadan özünün deyil, insanlığın haqqını tələb edir!
* * *
Cabir Novruzun ən həzin, ən lirik şeirlərində belə tutumlu, siqlətli epik vüsət, monumental panoram var. Şairin “Mənim nəslim”, “Maralgöl sükutu”, “Dənizdə insanlar gözəl görünür”, “Sağlığında qiymət verək insanlara”, “Bir ana qucağında bir körpə aparırdı”, “Mən bizim anaları günəşə tən tuturam”, “Onda külçə idim”, “Cavanlığım”, “Çətindir, asandır”, “Başçını öldürdülər”, “Şairi öldürdülər”, “Qürbət şeirləri” silsiləsi... və s. əsərləri nəfəs genişliyinə, qafiyə sisteminə, üslubuna və şübhəsiz ki, tapılmış mövzunun obrazlı ifadəsinə görə Cabir müəllimin sənətkarlıq imkanlarını nümayiş etdirməklə yanaşı ümumən XX əsr Azərbaycan poeziyasının ədəbi faktı olaraq dəyər kəsb edir.
Qəribədir, Cabir müəllimin adları sadalanan və sadalanmayan yığcam şeirlərindəki epik vüsət necə oxucu marağı (yaxud tədqiqatçı marağı) doğurursa, həcmcə kifayət qədər böyük olan “Qərbi Berlin”, “İnsan himnləri”, “Əli Kərimin xatirəsinə”, “İtmiş kəndin nağılları” və s. poemalarında yığcam bir şerin birnəfəsliyi, mükəmməliyi var. Oxucunun birinci misradan başlayıb sonuncu misraya çatmağı sanki bir an çəkir. Di gəl ki, bu bir anın ucsuz-bucaqsız yamacında zamanlara və məkanlara sığmayan insan qəlbinin təzadlı mənzərəsi görsənir...
* * *
Əslində şair Cabir Novruzun yaradıcılığını təhlil etmək üçün özümdə elə bir güc görmürəm. Bu sətirləri isə sadəcə ona görə yazıram ki, Cabir müəllimin yoxluğundan duyduğum ağrını, acını bir qədər səngidə bilim... Doğma adamlarla bağlı xatirələr sözə çevriləndə sanki dərd yüngülləşir...
Cabir Novruz, adını orta məktəb illərində eşitdiyim, hətta kəndimizdə televizor olmasa da ekranda gördüyüm ilk şairlərdəndir.
60-cı illərin ikinci yarısı... 10-12 yaşım var. Təzəlikcən kəndimizdə kino klubu açılıb. Demək olar ki, hər gün kino verilir və demək olar ki, hər gün o filmlərə mən də baxıram. Adı afişada göstərilən filmdən əvvəl kinojurnal göstərilir. İstehsalatdan, siyasi, iqtisadi həyatdan bəhs edən bu kinojurnallardan uşaqların, eləcə də mənim zəhləm gedir. 3-5 dəqiqəlik kinokadrlar sona çatınca bizə elə gəlir ki, bir il keçir. Eyni kinojurnalın bəzən bir həftə təkrar göstərilməsi isə ürəyimizi üzür...
Fəqət bir kinojurnalın kadrları, aradan 35-40 il keçib, hələ də gözümün qabağındadır. Yeganə kinojurnal idi ki, onun təkrar göstərilməsindən bezmirdim. Orada gənc şair Cabir Novruz şeir oxuyurdu. Mən o kadrı görəndə elə bilirdim ki, tükümdən dabanımacan cərəyan keçir...
Aradan illər ötəndən sonra, 1972-ci ildə Sabir bağında Sabir poeziya günlərində canlı şairi – Cabir Novuzu görəndə də canımda eyni gizilti dolaşdı. Çaparaq indiki İstiqlaliyyət küçəsinin o biri tayına adlayıb “Akademkitab” mağazasından Cabir müəllimin “Həyat, sən nə qəribəsən” kitabını aldım və ona yaxınlaşıb avtoqraf yazmasını xahiş etdim. Sonralar da heç zaman üzündən çəkilməyən təbəssümlə adımı soruşub avtoqraf yazdı. Hayıf ki, Cabir müəllimin adıma imzaladığı o avtoqraflı kitab indi mənim kitabxanamda yoxdu və hayıf ki, Cabir müəllimin avtoqraflı kitabı indən sonra heç zaman məndə olmayacaq... Cabir müəllim məni ilk dəfə 1973-cü ildə (18 yaşım vardı), Yazıçılar İttifaqında keçirilən gənclər günündə tanıdı. Məclisi xalq yazıçısı, Mirzə İbrahimov aparırdı. Əl qaldırıb şeir oxumaq istədiyimi bildirdim. Söz verdilər. Adımı, təxəllüsümü deyəndən sonra üç şeir oxudum. “Payız məhəbbətim”, “Arazım”, “Bir kənd qoyub gəlmişəm”. Bu sətirləri yazdıqca həqiqətən dəli, kor bir şairlik həsrəti ilə dolu olduğum o gün bütün təfərrüatı ilə, oxuduğum şeirlər sonuncu səslənişinə qədər təzədən yadıma düşür.
Bir kənd qoyub gəlmişəm-
bir qız qoyub gəlmişəm,
yalqız qoyub gəlmişəm...
(“Bir kənd qoyub gəlmişəm”)
Bu həmin cığırdı, bu həmin çəpər,
Bu sənin Vaqifin, bəs sən hardasan?
Meh əssə budaqdan payız tökülər,
Bəlkə yarpaq düşən budaqlardasan?
(“Payız məhəbbətim”)


Qorxuram
susuz ölə nənəmin
üstü ərəb hərfləriylə yazılı
yüz illik səhəngi...
(“Arazım”)
Şairlərdən biri söz alıb təqribən belə bir fikir söylədi ki, “əşi, şeirdə bu boyda haray-həşir salmaq nəyə gərəkdi. Kəndin, nənən, baban, sevgilin yadına düşübsə, qatara bilet al, get onları gör də, sənin qabağını kəsən var?”
Bax o gün sözünün nüfuzunu, çəkisini bilən, poeziyaya, tələbkarlığın təsiri altında hər addımbaşı tərifi sağa-sola səpələməyən Cabir müəllim şeirlərimi təriflədi. Sözünü təqribən belə yekunlaşdırdı ki, bu uşaq, yəni mən, Vaqif Bəhmənli, ədəbiyyata el-obası ilə gəlir, sevgisi ilə gəlir, Araz dərdi ilə gəlir... Yolu açıq olsun. Təklif edirəm ki, bu şeirlərin hər üçü çap olunmaq üçün “Ədəbiyyat və incəsənət” qəzetinə göndərilsin. şeirlər elə həmin həftə “Ədəbiyyat və incəsənət” qəzetində çap olundu.
Cabir müəllim mənim, eləcə də neçə-neçə digər istedadlı gənc şair və yazıçının addımlarının ən kövrək çağlarında böyük qardaş missiyasını qeyrətlə yerinə yetirir, heç bizim xəbərimiz olmadan adımızı ümumittifaq festivalların, seminarların, nümayəndə heyətinin siyahılarına saldırırdı. Mən indi də Şüvəlanda keçirdiyimiz, bir ədəbi nəsil kimi formalaşdığımız yaradıcılıq seminarlarını Cabir Novruza dərin ehtiram hissi ilə xatırlayıram... Yaz idi. Universitet tələbəsi idim. Azərbaycan televiziyasında iki aylıq təcrübə keçirdim. Şüvəlan seminarında iştirak etmək üçün heç cür icazə ala bilmirdim. Cabir müəllim məktub yazdı, televiziyanın rəhbərliyinə telefon açdı və mən Şüvəlanda yazıçıların yaradıcılıq evində unudulmaz, məhsuldar, qeyri-adi təmaslar mühitində tam bir ay yaşadım...
Nizami poeziya günlərində qədim Gəncəyə səfər elədim Cabir müəllimlə. Çoxsaylı tədbirlərdə o qəribə bir ciddi-cəhdlə məni irəli verirdi, deyirdi ki, utanmaq lazım deyil, əksinə oxucularla daha sıx təmasa can atmaq gərəkdir...
1981-ci il... 26 yaşım var... Yazıçılar İttifaqına üzv olmaq istəyirəm. 2 min misradan çox şeir çap etdirmişəm, iki kitabım çıxıb. (O vaxt qəbul üçün misraları sayırdılar). Anket ala bilmirəm. Cabir müəllimə üz tutub dərdimi deyirəm. O, qoluma girib məni qəbul otağına gətirir. Elmira xanım Axundovaya tapşırır: “ İstedadlı oğlandır, buna anket verin”. O vaxtlar anket almaq Yazıçılar İttifaqına qəbul olunmaq üçün işin tən yarısı idi.
1986-cı il. Yazılarım Respublika komsomol mükafatına təqdim olunub. Həmin olduqca nüfuzlu, hətta bizə yuxu kimi gələn o mükafatı almaq şansımın hamıdan çox olduğu xəbərini də mənə Cabir müəllim bildirir. (Çünki o mükafat komissiyasının üzvü idi). Deyir ki, mən sənə səs verdim. İncəsənətin digər sahələrini təmsil edən komissiya üzvlərinə də yazıların barədə danışdım”.
Necə ki, mən bu olmuşları qısaca sadalayıram, ədəbiyyata Cabir müəllimdən sonra gələn, onun Yazıçılar İttifaqında katib, “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor olduğu illərdə yazıb-yaradan yeni nəslin nümayəndələrinin hər biri bilir ki, Cabir müəllim onlara hansı köməyi edib. Cabir müəllim yazı-pozu adamına yaxşılığı yalnız istedada görə edirdi, yardımını bildirmirdi, bunu özünə borc sayırdı...
Bu dünyada hamı qonaqdı. O da bir qonaq idi... gəldi, getdi, Fəqət o ötəri qonaq deyildi... Qonaq gəldiyi dünya evinə ölümsüz nəğmələr gətirdi. Ona qədər bilinməyən, ondan sonra kiminsə təkrar etdiyi anda uğursuzluğa düçar olacağı bir şeir nəfəsi, bir poeziya havası gətirdi... O, qonaq gəldiyi dünyaya böyük insanlara məxsus mədəniyyət gətirdi, böyük insan davranışı gətirdi, hər yerdə hər zaman sülhsevərlik, dinclik, bütün düyünlərin yalnız sözlə açıla biləcəyinə inam gətirdi.
Cabir müəllim sonacan təvazökarlıqdan yorulmadı. Çünki təvazökarlıq onun çiyinlərinə düşən bir yük deyildi. O, təvazökarlığı varlığında daşıyırdı...Cabir Novruz adsız-sansız, ən fağır, ən iddiasız, ən təmiz kəndlərin, obaların zənginliyini, ilkinliyini, bütövlüyünü, təbiiliyini canına yığıb böyük şəhərlərə bir oğul payı gətirən səxavətli kəndli balası idi!
Cabir müəllim hansı sahədə olur olsun, istedadlı adamı gözünün işığı sayırdı-onu balalarına tən tuturdu. Nizami, Füzuli, Vaqif, Müşfiqlə... necə öyünürdüsə, dünyanın digər məmləkətlərinə məxsus sənət korifeylərdən, onların əsərlərindən də o dərəcədə qürur duyurdu. Yaşlı ədiblərlə ədəbiyyata yeni gələnlər arasında əslində poeziyaya heç bir dəxli olmayan mənasız yazışmalara, deyişmələrə kimlərinsə rəvac verdiyi bu günlərdə ədəbi mühitə Cabir Novruz prizmasından baxmağa nə qədər ehtiyacımız var! Cabir müəllim ədəbi mühitdə tərbiyəli bir ev, bir ailə nizamı görmək istəyir və bunun üçün var gücünü sərf edirdi.
Cabir Novruz hər yerdə, hər məqamda ləyaqət timsalı idi. O, ictimai xadim kimi tribunaya, rəhbər kimi kürsüyə, millət vəkili kimi Milli Məclisə, sədaqətli bir insan, dost kimi dostluğa, qardaş kimi qardaşlığa, şair kimi poeziyaya, övlad kimi Vətənə, Azərbaycana şərəf gətirirdi.
Cabir Novruzun dillərdə əzbər olan bir şeri var: “Sağlığında qiymət verək insanlara”. Belə baxanda Cabir müəllimin hər şeyi var idi; adı, mükafatları, vəzifələri, dünyanı gəzib dolaşmışdı... Bütün bunlarla yanaşı mən nə qədər paradoksal səslənsə də Cabir müəllimi yenə də halal haqqını sağlığında almayan şairlər sırasında görürəm...
Dövlətin daimi, isti münasibəti öz yerində...
Oxucu məhəbbəti, xalq istəyi öz yerində...
Ədəbi tənqid böyük şair və böyük şəxsiyyət olan Cabir Novruzun əsl qiymətini verməyə, onun poeziyasının əsrarəngiz sirlərini incələməyə, Cabir Novruz nəfəsinin bənzərsizliyini, ilkinlikdən gələn işığını, caz musiqisi kimi çoxçalarlığını açıb göstərməyə borcludur...
Və mənim içim Cabir müəllimin itkisindən doğan acı bir qəmlə doludur...
Və mən acı bir təəssüf hissi keçirirəm ki, nə üçün bu yazını Cabir müəllim sağ olanda yox, indi yazıram?!
Və mənim bu etirafım, Cabir müəllim, ay kimi nurlu üzünüzdə həzin bir təbəssüm olardı yəqin, günahımı dərhal bağışlayardınız!..
Axı siz hər zaman bağışlamağı bacaran böyük qardaş idiniz, Cabir müəllim!..

Best coffeeshop in Berlin