Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İldırım Şükürzadə:

Çayqıraq kəndindəki “Şəhidlər abidəsi” qəhrəmanların xatirəsini yaşadır

Masallı rayonunda şəhidlərə ucaldılan abidələrdən biri Çayqıraq kəndindəki "Şəhidlər abidəsi"dir. Abidə Çayqıraq kənd tam orta məktəbinin həyətində yerləşir. "Şəhidlər abidəsi" Birinci və İkinci Qarabağ müharibələrində (1992-1994; 27.09. - 10.11.2020) şəhid olmuş kənd sakinlərinin xatirəsinə inşa edilmişdir. 
"Şəhidlər abidəsi"ndə sol tərəfdəki divarda Böyük Vətən müharibəsində həlak olmuş 29 nəfər çayqıraqlının ad və soyadı "1941 - 1945" başlığı altında qara mərmər lövhə üzərində həkk olunmuş, sağ tərəfdə yerləşən divarda isə "Şəhidlər ölməz, Vətən bölünməz" başlığı altında Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş 3 nəfər çayqıraqlının - Kamran Gülverdi oğlu Həsənov (01.12.1973 - 08.08.1993), Zakir Vəliəhəd oğlu Abbasov (31.03.1975 - 06.02.1994; itkin düşmüşdür) və Əsəd Mahir oğlu Əsədlinin ( 17.06.1995 - 09.11.2020) ad - soyadları ilə yanaşı mərmər lövhə üzərindəki şəkilləri də  həkk olunmuşdur.
"Şəhidlər abidəsi"nin açılışı 15 iyun 2021-ci ildə olmuş, açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin üzvləri Anar İsgəndərov, Məşhur Məmmədov, Soltan Məmmədov, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova, rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
P. S.  Çayqıraq kəndi Bədəlan kənd inzibati ərazi dairəsinin tərkibinə daxildir. Çayqıraq kalka (tərcümə olunmuş) toponimdir. Yaşayış məntəqəsi talış dilində də eyni mənanı verən  Ruəkəno adlanır. Masallı rayonunda talış dilində Ruəkəno adında 2 kənd var. Digəri  Mahmudavar kənd inzibati ərazi dairəsinin tərkibinə daxil olan Rudəkənar kəndidir.

Best coffeeshop in Berlin