1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti keçirilib
“Uşaq Dünyası” I Beynəlxalq Musiqi Festivalının 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konserti Bəstəkarlar İttifaqında keçirilib.
AZpress.AZ xəbər verir ki, konserti giriş sözü ilə Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə və Dövlət Uşaq Filarmoniyasının direktoru, pianoçu Səidə Tağı-zadə açaraq uşaqları bayram münasibəti ilə təbrik edib, festivalın əhəmiyyətindən, uşaqların yaradıcılıq yoluna müsbət təsirindən danışıb.
Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsertin ilk nömrəsi Rəna Qədimovanın Anar Məmmədovun sözlərinə yazdığı “Yüksəl, ey Azərbaycan!” əsəri olub. Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən Uşaq Xor Kapellasının ifasında səslənən bu parça ADUF-un direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadənin dirijorluğu ilə səslənib (konsertmeyster Elmira Hümbətova). Olduqca təntənəli, vətənpərvər ovqat yaradan bu musiqi nömrəsi konsertin ideya-məzmun xəttini müəyyən edən təsirli başlanğıc oldu.
Daha sonra Dövlət Uşaq Filarmoniyasının “Şəms” uşaq xorunun ifasında yadda qalan, sevimli uşaq mahnılarının müəllifi Qənbər Hüseynlinin yaradıcılığından “Cücələrim” (solist Natəvan Qəniyeva), Sərdər Fərəcovun yaradıcılığından “Buratino”, “Dələ”, “Küpəgirənlər” (solistlər İnci Hümbətova, Ayla Aşurova, Ramilə Məmmədsoy), “Aşpazlar” (solistlər Məryəm Aslanzadə, Yunis İmamverdili, Esra Səmədzadə, Anar Rəhimli, Cahan Məmmədsoy) mahnıları səslənib. Uşaqların peşəkar ifası, səhnə sərbəstliyi və obrazları məharətlə canlandırmaları hər bir musiqi nömrəsini kiçik bir səhnə tamaşasına çevirərək konsertə xüsusi rəng qatıb.
Proqramda həmçinin Qara Qarayevin “Şən hadisə” (pianoda ifa: Ramilə Məmmədsoy), “Prelud № 1” (pianoda ifa: Veysəlzadə Dəniz), Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” (ifa (violin): Aleksey Dzyuba; konsertmeyster: Ülkər Həsənova), Ceyhun Allahverdiyevin "Sevəcəm" (pianoda ifa: Zümrüd Məmmədova) əsərləri, Tofiq Quliyevin “Azərbaycana gəlsin” (söz: Süleyman Rüstəm) mahnısı (ifa (vokal): Dəniz Hacızadə; konsertmeyster: Təranə Məmmədova) təqdim olunub.
Konsert bir daha nümayiş etdirdi ki, musiqi uşaqların yaradıcılıq potensialını üzə çıxaran, onları bir araya gətirən və gələcəyə inam aşılayan ən güclü vasitələrdən biridir. Festival çərçivəsində təqdim olunan bu konsert gənc istedadların uğurlu çıxışları ilə yadda qalaraq uzun sürən alqışlarla başa çatıb.


