Millimiz Çexiyanı üstələyərək AÇ-nin yarımfinalına yüksəlib
Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən çempionatda 1/4 final mərhələnin oyunları keçirilib və bununla da yarımfinalçılar müəyyənləşib. Baş məşqçisi Elşad Quliyev olan və son dünya çempionatının (DÇ-2025) qalibi adını daşıyan millimiz gecə saatlarında Çexiya yığması ilə qarşılaşıb. Görüş millimizin 5:2 (3:0) hesablı qələbəsi ilə başa çatıb və komandamız bu qələbədən sonra yarımfinala yüksəlib.
Oyunun gedişatına gəlincə, hesabı 4-cü dəqiqədə Eşqin Tağıyev açıb - 1:0. Matçın 17-ci dəqiqəsində Təmkin Xəlilzadə hesabı 2:0-a çatdırıb. İlk yarının əlavə edilən vaxtında (25+2) isə Tağıyev dubl edərək özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:0.
Fasilədən dönəndən sonra (26-ci dəqiqə) Ramiz Çovdarov rəqibin qapısına 4-cu qolu vurub - 4:0. Daha sonra rəqib bu qollardan ikisinin əvəzini çıxa bilib - 4:2. Matcda son nöqtəni isə 36-ci dəqiqədə Mahmud Xəlilov qoyub - 5:2.
Millimiz bu gün saat 22:45-də Serbiyaya qarşı yarımfinal matçına çıxacaq. Yeri gəlmişkən, Serbiya 1/4 finalda Rumıniya millisini üstələyib - 6:4.
Digər yarımfinalda isə Ukrayna - Macarıstan cütü qarşılaşacaq.
Millimiz bu mərhələyə qədər yer aldığı qrupda ("F") Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2), 1/8 finalda isə Qazaxıstanı (3:2) məğlub edib.
Bir məqamı da xatırladaq ki, millimiz 2022-ci ildə məhz Slovakiyada (AÇ-2022) Avropa çempionu adını qazanıb.
İNTİQAM Məmmədov


