Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycanla normallaşma prosesini sürətləndirmək Ermənistanın hazırkı hakimiyyəti üçün olduqca vacibdir

"Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin yekun nəticələrinə dair son məlumatları əsasında yeni parlamentdə yerlərin dəqiq bölgüsü məlum olub. Belə ki, parlamentdəki ümumi 105 rəsmi kürsüdən 61-ni Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası əldə edib. Bu isə Paşinyana təkbaşına (yəni ki, heç bir koalisiyasız-flansız) hökumət qurmağa imkan verir. Başqa sözlə desək, 105 yerlik parlamentdə təkbaşına hökumət formalaşdırmaq üçün "50% + 1 səs" (ən azı 53 mandat) tələb olunduğundan, Paşinyanın partiyası 61 kürsü ilə koalisiyasız, yenidən təkbaşına kabinet qurmaq hüququnu rəsmən təmin edib".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. Onun sözlərinə görə, əvvəlki parlamentdə hakim partiyanın deputatlarının sayı daha çox idi:

"Seçkilərin yekun nəticələri Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin qələbəsini təsdiqləsə də, rəqəmlər hakim partiyanın əvvəlki mövqelərini zəiflətdiyini göstərir. Bu nəticə Paşinyanın partiyasının parlamentdəki əvvəlki hegemon mövqeyini əhəmiyyətli dərəcədə itirməsi deməkdir. Çünki son bir neçə ildə erməni cəmiyyətində sülh əleyhdarlarının - revanşistlərin, radikal millətçilərin sayı azalmaq əvəzinə, daha da artıb. Xüsusən də son aylarda Rusiyanın və erməni lobbisinin sıx dəstəyilə sıravi ermənilər arasında aparılan anti-Paşinyan propoqandası da öz işini gördü. Müharibə tərəfdarı olan rusiyapərəst bloklar və partiyalar ("Güclü Ermənistan" bloku, "Hayastan" bloku, "Çiçəklənən Ermənistan" Partiyası və s.) seçki ərəfəsində maksimum canfəşanlıq göstərdilər. Ona görə də bu dəfə tam və qəti qələbə qazanmaq Paşinyan üçün elə də asan olmadı".

Komitə sədri qeyd edib ki, indi Paşinyanın postseçki dövründə ən ümdə vəzifələrindən biri məhz bu revanşist, rusiyapərəst qüvvələri neytrallaşdırmaq və onları siyasi səhnədən tamamilə uzaqlaşdırmaq olmalıdır:

"Bu, ilk növbədə sülh prosesinin müsbət nəticələrlə başa çatdırılması üçün vacibdir. Nikol Paşinyan parlament seçkilərindən sonra ilk açıqlamasında hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament çoxluğunu formalaşdıracağını və yeni hökuməti quracağını bəyan etdi. Baş nazir, həmçinin çıxışında “üçbaşlı müharibə partiyası” adlandırdığı siyasi qüvvələrin ağır məğlubiyyətə uğradığını vurğuladı. Söhbət sabiq prezidentlər - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sərkisyanın başçılıq etdiyi millətçi-revanşist qüvvələrdən gedir. Paşinyan qeyd etdi ki, bu siyasi qüvvə ilə əlaqəli kriminal-oliqarxik sistem Ermənistandan təmizlənməlidir və bu məsələ parlament çoxluğu və gələcək hökumətin əsas fəaliyyət istiqamətlərindən biri olacaq".

Əlisahib Hüseynov hesab edir ki, əks təqdirdə, Rusiya sözügedən “üçbaşlı müharibə partiyası”nın əli ilə Ermənistana qarşı hibrid müharibə hərəkətlərini yenə də davam etdirəcək və regionda sülh prosesini əngəlləməyə çalışacaq:

"Kremlin dəstəklədiyi namizədlər seçkidə məğlub olsalar da, lakin Rusiyanın nə Ermənistandan, nədəki bütövlükdə Cənubi Qafqazdan belə asanlıqla əl çəkmək fikri yoxdur. Rusiyanın özü kimi toksik müttəfiqi olan İranın da regiondakı geosiyasi maraqlarını nəzərə alsaq, Cənubi Qafqaz hələ də ciddi şəkildə təhlükədədir. Bu baxımdan, Paşinyanın köhnə-yeni komandası seçkidən sonrakı dövrdə də rusiyapərəst siyasi qüvvələrin ölkəni Moskvanın və Tehranın orbitinə doğru çəkmək səylərini önləmək üçün var gücü ilə işləməlidir. Dolayısı ifadə ilə desək, seçkidə əldə edilən qələbəni möhkəmləndirmək və qərbyönümlü kursu davam etdirmək, Azərbaycanla normallaşma prosesini sürətləndirmək Ermənistanın hazırkı hakimiyyəti üçün olduqca vacibdir.
Düzdür, Nikol Paşinyan parlament seçkilərində qələbəsini elan etdikdən sonra, ilk açıqlamasında həmçinin Ermənistanın xarici siyasətinə dair fikirlərini də bölüşərək Rusiya ilə münasibətlərin qarşılıqlı hörmət və institusional əməkdaşlıq əsasında qurulduğunu bildirdi və iki ölkə arasında gərginlik yaratmaq cəhdlərinin uğursuz olacağını qeyd etdi. Lakin Paşinyanın bu açıqlaması sadəcə diplomatik manevr xarakteri daşıyır. Əsl həqiqətdə isə o, çox yaxşı dərk edir ki, Rusiyanın təzyiq, qorxutma və ya geosiyasi üstünlük yolu ilə öz təsirini saxlamağa cəhd göstərməsi davam etdikcə, postsovet ölkələri öz təhlükəsizlikləri üçün etibarlı zəmanəti, iqtisadi və siyasi tərəfdaşlıq üçün əlverişli imkanları başqa yerdə axtarmağa sadəcə olaraq məcburdurlar. Və Ermənistan da buna məcburdur. Bu mənada, Paşinyan bilir ki, bu gün Ermənistanın təhlükəsizliyi və tərəqqisi ilk növbədə Azərbaycan və Qərblə düzgün münasibətlər qurmaqdan asılıdır".

Süleyman

Best coffeeshop in Berlin