"Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib +FOTO=28
Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Hacıbədəlli kənd tam orta məktəbində “Qərbi Azərbaycan İrsi Məktəblərdə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin, eləcə də Qərbi Azərbaycan torpaqlarında soyqırımı və deportasiya siyasətinə məruz qalmış soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində Qərbi Azərbaycanın tarixi, zəngin mədəni irsi və soydaşlarımızın yaşadıqları deportasiya həqiqətlərini əks etdirən sənədli film nümayiş olunub.
Daha sonra Hacıbədəlli kənd tam orta məktəbinin direktoru Anar Əliyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında mühüm yer tutduğunu bildirərək, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin gənc nəslin milli ruhda formalaşmasına, tarixi həqiqətlərin öyrənilməsinə və milli-mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfə verdiyini qeyd edib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri Arzu Niftalıyeva çıxışında bildirib ki, məktəblərdə təşkil olunan bu cür tədbirlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət daşıyır. O vurğulayıb ki, Qərbi Azərbaycanın tarixi, mədəni irsi və soydaşlarımızın üzləşdiyi ədalətsizliklər barədə gənclərin düzgün məlumatlandırılması onların milli kimlik şüurunun formalaşmasına xidmət edir.
Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Radə Qafarova çıxışında Qərbi Azərbaycanın Azərbaycan xalqının qədim yurd yerlərindən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, müxtəlif dövrlərdə soydaşlarımızın öz ata-baba torpaqlarından deportasiya olunması tarixi həqiqətdir və bu həqiqətlərin gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur. Radə Qafarova son illərdə Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatların, toplanan arxiv materiallarının, nəşr olunan kitabların və həyata keçirilən maarifləndirici layihələrin tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, bu prosesdə müəllimlərin üzərinə xüsusi məsuliyyət düşür. Məktəblərdə aparılan maarifləndirmə işləri vasitəsilə şagirdlərə Qərbi Azərbaycan həqiqətlərinin düzgün çatdırılması, onların milli kimlik şüurunun formalaşdırılması və vətənpərvərlik ruhunda tərbiyə olunması vacib məsələlərdəndir. Radə Qafarova Qərbi Azərbaycan irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının mənəvi borcu olduğunu qeyd edib.
Tədbirdə Qərbi Azərbaycanda doğulan, hazırda təqaüddə olan müəllimlər Müşkünaz Əbülhəsənova və Nəzifə Bayramova çıxış edərək doğma yurdları ilə bağlı xatirələrini iştirakçılarla bölüşüblər. Onlar uşaqlıq illərinin keçdiyi el-obadan, ata-baba ocaqlarından, həmin torpaqlarda yaşadılan adət-ənənələrdən, mehriban insan münasibətlərindən və unudulmaz xatirələrdən söhbət açıblar. Doğma yurddan məcburi ayrılığın yaratdığı nisgildən bəhs edən müəllimlər, Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının və tarixi yaddaşın yaşadılmasının vacibliyini vurğulayıblar. Onların səmimi və duyğulu çıxışları tədbir iştirakçılarına dərin təsir bağışlayıb.
Tədbirin bədii hissəsində məktəbin şagirdləri tərəfindən Qərbi Azərbaycana həsr olunmuş şeirlər səsləndirilib, səhnəciklər nümayiş etdirilib, milli rəqs nümunələri və musiqi nömrələri təqdim olunub. Şagirdlərin vətənpərvərlik ruhunda hazırladıqları çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkdirilib.


