Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Zaur Əliyev:

İosif Stalinin qorxduğu yeganə şəxs - azərbaycanlı Məşədi Kazım 


"Stalin cavan olanda o vaxt neftin və pulun çox olduğu Bakıda bolşevizmin təbliğatını aparmaqla yanaşı cinayət əməlləri ilə də məşğul olurdu. Azərbaycanlı milyonçu Musa Nağıyevin oğurlanması, poçt qatarlarının və neft mədənlərinin soyulması kimi soyğunçuluq işləri  Stalinin dəstəsinə aid idi. Əlbəttə bu Bakıda söz sahibi olan qoçuların xoşuna gəlmirdi. Lakin onlar tutarlı səbəb tapa bilmirdilər ki, gürcü balasının ayağını Bakıdan kəssinlər. O dövrün ən məşhur kriminal adamlarından olan Məşədi Kazım adlı azərbaycanlı bir gün bu olanları eşidir və gürcü oğrusunu öldürmək qərarına gəlir. 1908-ci ildə o, Stalini ləğv etmək üçün "Krestı" həbsxanasından Bakıdakı Bayıl qazamatına (indiki Bayraq meydanı yaxınlığında olub) sürgün edilmişdi. Stalin də həmin vaxt həbs olunmuşdu və cəzasını Bayıl həbsxanasında çəkirdi. Bir gün o həbsxana həyətində gəzəndə  Məşədi Kazım ona yaxınlaşaraq  anbarın arxasına aparır. O dövrdə həmin həbsxanada siyasi fəaliyyətinə görə cəza çəkən Məhəmməd Əmin Rəsulzadə də olur. Rəsulzadə görəndə ki, bunların ikisi də anbarın arxasına keçir, onların ardınca gedir. Məşədi Kazım Stalini hündür divara sıxıb, ona bıçaq zərbəsi endirmək istəyir. Özünü çatdıran Rəsulzadə qatilin əlindən dartır, həbsxanada onun əlindən tutmaq həddindən artıq böyük cəsarət idi.
— Sənə nə lazımdır? — deyə təəccüblənmiş killer Rəsulzadəyə müraciət edir.
Onlar bir qədər kənara çəkilirlər, bu vaxt isə qorxudan yarıcan olmuş Stalin divar boyu aşağı sürüşürdü. Rəsulzadə killeri Stalini öldürməməyə razı salmağa çalışır, ona pul təklif edir.Məşədi Kazım nə deyəcəyini bilmir, söz tapmır. O, Rəsulzadə haqqında, onun dissidentliyi və siyasi fəaliyyəti barədə eşitmişdi, Ona görə də, onun xətrinə Stalinə üz tutaraq deyir:
- Bu dəfə bu gürcünün bəxti gətirdi, gələn dəfə gözümə görünmə! Mən bir dəfə deyirəm, təkrar etməyəcəyəm! — Məşədi Kazım bütün bunları birnəfəsə deyib, sonra bir kölgə kimi yox olur.
Nəticədə Stalinin həyatı xilas olur.
Rəsulzadənin öz xatirələrində dediyi kimi, onun "gözlərinin alışıb yanması və ondan meyit qoxusunun gəlməsi" Stalinə başa salmışdı ki, Məşədi Kazım ikinci səfər onu görsə mütləq öldürəcək. Buna görə də Rəsulzadə həbsdən azad ediləndən bir müddət sonra Bakı qoçularının onu yenidən öldürmək istədiyini görüb, Stalini götürüb Novxanıya aparır və onun atası Hacı Ələkbər olmaqla Stalini çox yaxşı qarşılayırlar. Rəsulzadənin anası Maral xanım “bığlı dost” dediyi Stalin üçün yemək hazırlığı görür. Bir gecə onlarda qalan Stalini səhər Bakıdan yola salmaq istəyən zaman görür ki, kəndə gələn qoçunun qohumları onları axtarır. Hacı Ələkbər "Məscid Allahın evidir, yəqin, qonağı orada gizlətsək, onu tapmazlar” deyib Stalini Şah Sultan Hüseyn” məscidinə gətirir. Onu moizə oxuduğu minbərin altında gizlədir və bir neçə gündən sonra gizli yolla Bakıdan çıxardırlar.
Qeyd: Azərbaycan daxil olmaqla Rusiya imperiyasına daxil olunan bütün ərazilərdə həmin dövrdə böyük hörmətə malik və kriminal aləmin  şəksiz lideri Rəşid oğlu Məhərrəm idi. İlk qanuni oğrulardan biri olmaqla, o, həm həbsxanalarda, həm də  Bakıda və Azərbaycanda kriminal aləmə nəzarət edirdi. Onun ölümündən sonra Rusiya imperiyasının bütün ərazilərində ən tanınan kriminal liderlərindən biri Məşədi Kazım olur. 
Məşədi Kazım (rusdilli mənbələrdə  Мешади Казым) XX əsrin əvvəllərində, xüsusən Polşa, Sankt-Peterburq və Bakı cinayət aləmində iz qoymuş, dövrünün ən təhlükəli və peşəkar killerlərindən biri sayılırdı. Onun adı həm Çar Rusiyasının gizli polis orqanlarının  hesabatlarında, həm də dövrün siyasi xadimlərinin xatirələrində keçir. Məşədi Kazım psixoloji olaraq ətrafındakı insanlarda böyük vahimə yaradan bir obraz olub. Onun haqqında xatirələrdə və ya arxiv sənədlərində fiziki gücündən daha çox, soyuqqanlılığı və amansızlığı vurğulanır.Məşədi Kazım fiziki gücü, silah işlətmək bacarığı və ən əsası, heç nədən qorxmamağı ilə bütün Bakıda tanınırdı. Sankt-Peterburqun məşhur "Krestı” həbsxanasında özünə ad-san qazanan Məşədi Kazım o dövrün kriminal aləmində birinci adam hesab olunurdu. O dövrün cinayət aləmində Koba yaxud "Kürən Coşka" adı ilə tanınan İosif Cuqaşvili onun adı gələndə qorxusundan o olan yerə gələ bilmirdi.
Məşədi Kazımın sonrakı taleyi haqqında dəqiq arxiv sənədləri olduqca azdır, lakin 1917-ci ildə azadlığa çıxdığı ehtimal olunur. Bəzi mənbələrə görə isə, Sovet hakimiyyətinin ilk illərində Bakıda köhnə qoçu intiqamlarının və ya bolşeviklərin təmizləmə əməliyyatları zamanı öldürülüb. 
Məşədi Kazım qarşısında düşdüyü o rəzil, aciz və qorxmuş vəziyyət sonralar Stalinin ən böyük psixoloji kompleksinə çevrildi. O, sonralar böyük bir imperiyanın rəhbəri , adı gələndə hamının tir-tir əsdiyi bir adam   olanda, artıq kiminsə onun Bakı həbsxanasında bir qoçunun qarşısında qorxudan tir-tir əsdiyini, divardan aşağı sürüşdüyünü bilməsini istəmirdi. Ona görə də bu hadisəni bilənlərin əksəri sonralar qətl edildi".
Mənbələr:
Троцкий, Л. Д. Сталин (в двух томах). Том 1. Москва: "Терра", 1990 
Радзинский, Э. С. Сталин. Москва: "Вагриус", 1997. 
Монтефиоре, С. С. Молодой Сталин . Москва: "АСТ", 2014.
Azərbaycan Respublikası Dövlət Tarix Arxivi -1907–1910-cu illərə aid hesabatlar və məhbus işləri.

Best coffeeshop in Berlin