İsrail-Azərbaycan dostluğunu birləşdirən "Mədəniyyət Körpüləri"
İyunun 11-də paytaxtda gənclərin yaradıcılığının inkişafına dəstək məqsədilə yeni bir mədəni layihə – “Mədəniyyət Körpüləri” Beynəlxalq Yaradıcılıq Platformasının ilk görüşü baş tutub. Layihə “İZ – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Layihənin əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc istedadların yaradıcılığını dəstəkləmək, eyni zamanda fərqli mədəniyyətlər arasında dialoqu və əməkdaşlığı təşviq etməkdir. Təşkilatçıların sözlərinə görə, platforma sənət və musiqi vasitəsilə xalqlar arasında yeni mədəni körpülərin qurulmasına xidmət edəcək.
Layihənin ilk qonağı İsraildə fəaliyyət göstərən gənc müğənni Layla Valayeva olub. Görüş çərçivəsində iştirakçılar sənətçi ilə yaxından tanış olmaq, onun yaradıcılıq yolu barədə məlumat almaq və fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
Tədbirin proqramına yaradıcılıq görüşü, musiqi təqdimatı, müzakirələr və sual-cavab sessiyası daxil olub.
Valayeva Leyla - İsraildə dövlətimizi təmsil edən Azərbaycan əsilli gənc müğənnidir. Musiqi sənətinə kiçik yaşlarından başlayıb. Professional olaraq isə 3 ildir musiqi fəaliyyəti ilə məşğul olur.
O deyir ki, uşaqlıqdan musiqiyə, aktrisalığa istedadı və sevgisi olub. Bu sənəti seçməkdə ən böyük dəstəkçisi isə anasıdır. Gənc Leyla buna görə hər zaman valideyninə minnətdardır.
Fidan
Azpress.az


