Eynulla Fətullayevin İstanbula köçü: Pərdəarxası iddialar nələrdir?
Eynulla Fətullayevin rəhbəri olduğu saytı və restoranını sataraq İstanbula köçdüyünü özü də təsdiq edib. Maraqlıdır ki, Azərbaycanda azad media fəaliyyətini hökumətlə anlaşaraq qurban verən Fətullayevə son illər hansısa basqının olduğu barədə məlumat yayılmayıb. Amma onun özünün dünən yaydığı açıqlamadan aydınlaşıb ki, Eynulla Fətullayevə hakimiyyət daxilində təzyiq göstərənlər var imiş. Fətullayev ictimaiyyət üçün açıqlamasında yazır:
- Həbsdən çıxdıqdan sonra qarşımda dilemma durmuşdu: ya ölkəni tərk edib siyasi mühacir həyatını davam etmək, ya da mövcud siyasi sistem çərçivəsində müstəqil jurnalistikanı inkişaf etdirmək. Qollarımı çırmalayıb, məhbəs həyatına - haqqsızlığa işarə edəcək adla, yəni “Haqqin azdır” brendi ilə jurnalistikanı davam etdirdim. Hakimiyyətlə dialoq olub, əməkdaşlıq da olub.
2023-cü ildə mənə qarşı Laçında çox çirkin hibrid təxribat törədildi (sonradan buna oxşar təxribatlar çoxaldı), və həm də qarşımda miraj kimi boz və keçilməz bir divar görünməyə başladı. Artıq yolun sonu görünürdü…
AZpress.AZ-a daxil olan məlumata görə, əslində Eynulla Fətullayev 2022-ci ilin iyulundan Prezident Administrasiyası tərəfindən bütün tədbirlərdən kənar saxlanılıb.
Belə ki, 2022-ci ilin iyulunda Şuşada keçirilən Beynəlxalq Media Forumunda iştirak edən Haqqın.az-ın rəhbəri Eynulla Fətullayev, Qafqazinfo.az saytının rəhbəri Elbrus Ərud və şoumen, "Xəzər TV"-nin rəhbəri Murad Dadaşov tədbirdən öncə və sonra davamlı olaraq alkoqollu maddələr qəbul ediblər. Nəticədə hərəkətlərinə nəzarəti itirib bir-birləri və ətrafdakılarla mübahisə ediblər. Fətullayev isə əvvəldən münasibətlərində problem olan Şuşa komendantının müşaviri Zaur Həsənovu məclisdən qovub. O da PA-ya şikayət edib. Nəticədə Fətullayev ondan sonra keçirilən bütün tədbirlərdə iqnor edilib, İlham Əliyev və Mehriban Əliyevaya yaxın buraxılmayıb. Sonda da prezidentin köməkçisi Hikmət Hacıyev ona Azərbaycandan köçüb getməyi, jurnalist fəaliyyətinə son qoymağı tapşırıb. Fətullayev də həmişə olduğu kimi, içində etiraz etsə də, hakimiyyətlə hesablaşaraq İstanbula köçüb


