Sabah voleybolçuların AL-da üçüncü tur başlayacaq
Qadın voleybol millimiz Şimali Makedoniyada, kişilərsə Bakıda meydana çıxacaqlar
19-21 iyun günlərində kişi və qadın voleybolçular arasında Avropa Liqasının son turunun (3-cü tur) oyunları keçiriləcək. Qeyd edək ki, son tur çərçivəsində təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi qadın millimiz Şimali Makedoniyada İsrail və İsveçrə yığması ilə, bas məşqçisi Boris Qrebennikov olan kişi komandamız isə Bakıda Macarıstan və Portuqaliya millisi ilə qarşılaşacaq.
Qadın millimiz iyunun 19-da saat 20:00-da İsraillə, ertəsi gün isə eyni vaxtda İsveçrə yığması ilə qarşılaşacaq.
Kişi voleybolçularımız isə iyunun 19-da saat 18;00-da Bakı Voleybol Mərkəzində Macarıstanla, iyunun 21-də isə eyni məkanda və eyni vaxtda Portuqaliya millisiylə üzləşəcək.
Yeri gəlmişkən, kişi millimiz geridə qalan 2 turun (4 oyun) bütün oyunlarında uduzub. Qadın yığmamız isə iki turda keçirdiyi 4 oyunun 2-də qalib gələrək aktivinə 6 xal yazdırıb. Xatırladaq ki, qadın millimiz Bakıda keçirilən ilk turda Estoniyanı, İspaniyada təşkil edilən ikinci turda isə Şimali Makedoniyanı məğlub edib.
İNTİQAM Məmmədov


