Aslan İsmayılov:
Mikayıl Cabbarovun müsahibəsi gözlənilən suallara cavab vermədi
İqtisadiyyat naziri Mikayıl Cabbarovun 3 gün əvvəl İTV-də müsahibəsi olacağı elan olunan kimi onun yayımını səbirsizliklə gözlədim. Sonra onun 23 dəqiqəlik çıxışını 3 dəfə dinlədim. Heç nə başa düşmədiyimdən düşündüm ki, yəqin 3 gün bu barədə yazılar olacaq və mən də nəyisə anlayacağam. Bilmirəm, bu barədə yazılar oldu, ya yox, ancaq mənim qarşıma heç nə çıxmadı.
Ölkənin təkcə İqtisadiyyat naziri yox, həm də iqtisadiyyatla əlaqəsi olan 30-a yaxın təşkilatı təmsil edən bir şəxsin son illər ərzində — özü də iqtisadiyyatın bu günkü bərbad vəziyyətində — ilk geniş müsahibəsinin ölkə gündəmini zəbt etməməsi özü də böyük sualdır. Mən hələ 3 gün ərzində bu cür aktual müsahibəyə cəmi 3 min baxışın olmasını demirəm.
Müsahibə üçün sualların əvvəlcədən planlaşdırılması şübhəsizdir. Ona görə də ilk sualın artıq aktuallığını çoxdan itirmiş, 6 ay əvvəl keçirilmiş Davos Forumu ilə bağlı olması da başadüşülən deyil. Yəqin ki, mənim kimi çoxları da düşünürdü ki, M.Cabbarov iqtisadiyyatın özəyini təşkil edən, həm əhalinin, həm də ümumi iqtisadi vəziyyətin göstəricisi olan kiçik və orta biznesin durumu, eləcə də əhalinin maddi vəziyyəti ilə bağlı fikirlərini açıqlayacaq. Ancaq bu barədə bir kəlmə belə deyilmədi.
Əvəzində əhalinin anlamadığı, mənim isə çətinliklə başa düşdüyüm “drayver”, “startap”, “nou-hau”, “prioritet”, “innovasiya”, “innovativ düşüncə”, “4-cü sənaye inkişafı dövrü”, “iqtisadiyyatın rəqəmsallaşması” və s. kimi terminlərlə dolu bir monoloq eşitdik. Bəzən məndə elə təəssürat yaranırdı ki, çıxış edən canlı M.Cabbarov yox, bir robotdur. Bəzən isə elə gəlirdi ki, bu verilişin özü süni intellektin məhsuludur.
Bununla bağlı rus dilində çox ibrətamiz Kamedi Klabın “Tabliçka” adlı bir videosu var (youtu.be/EhtsPAdYOds). Orada şirkət rəhbərinin təsərrüfat üzrə müavini kabinetə vurulacaq bir lövhənin hazırlanmasını xahiş edir. Bunun üçün təxminən 10 nəfərdən ibarət, adları xarici dildə səslənən müavinlərin iştirakı ilə iclas təşkil edilir və müzakirələr başlayır. Bir lövhənin hazırlanması üçün onun hansı materialdan hazırlanacağı, yapışqanla, yoxsa mıxla bərkidiləcəyi, yapışqan istifadə olunarsa onun hansı materialdan olacağı, mıxla bərkidilərsə hansı formada başlığa malik olacağı barədə onlarla təklif səsləndirilir və bunu həyata keçirmək üçün komissiyaların yaradılması müzakirə olunur.
M.Cabbarovun bu çıxışında məndə maraq doğuran çoxlu məqamlar da oldu. Davos Forumunda Azərbaycanda baş verən iqtisadi inkişafın böyük maraq doğurması, sərmayəçilərin diqqətinin ölkəyə yönəlməsi, çoxsaylı müqavilələrin imzalanması, Azərbaycanda Davos Mərkəzinin yaradılması, beyin axınının Azərbaycana istiqamətlənməsi, əhalinin məşğulluğunun artması və s. Bu fikirlər mənə vaxtilə inandığım və mənim də qoşulduğum “köklü islahatlar”, “islahat komandası” kimi bəyanatları xatırlatdı. Bəli, müəyyən dəyişikliklər oldu, ancaq onların heç biri elan olunan nəticəni vermədi və daha çox şüar xarakteri daşıdı.
Əvəzində, əgər 2019-cu ildə iqtisadi göstəricilərə görə Cənubi Qafqazda birinci yerdə olan Azərbaycan indi sonuncu yerdədirsə, bu artıq ciddi suallar doğurur. Həqiqətən də son illər çoxlu sayda beynəlxalq iqtisadi müqavilələr imzalanıb. Ancaq onların heç biri Ermənistanda “NVIDIA” ilə imzalanan 500 milyonluq bir müqaviləni belə əvəz etməz. Əminəm ki, son illər hay-küylə elan olunan çoxsaylı müqavilələrin əksəriyyəti bu gün də yalnız kağız üzərində qalır. Ən azından Rusiya Ukrayna müharibəsi başlayan kimi Qazaxıstan, Gürcüstan, Ermənistan bu ölkələrin aparıcı IT mütəxəssislərini ölkələrinə cəlb etmək üçün konkret islahatlar apardılar və nəticədə bu sahədə ciddi kadr bazası yarada bildilər. Yəqin bir çoxlarınız Özbəkistanda olan vergi güzəştlərini barədə mətbuatdan oxuyursuz. Ən dəhşətlisi odur ki, indi artıq süni intellekt yarışında türklər demiş bu “kafa” ilə biz daha da ağır vəziyyətə düşəcəyik.
Bu çıxışın ümumiyyətlə olmaması bəlkə də daha yaxşı olardı. Çünki gözlədiyimiz sualların heç birinə cavab almadıq. Gözləyirdim ki, İqtisadiyyat naziri son illər ərzində sahibkarlığın durumunu göstərən məqamlara toxunacaq. Bu illər ərzində nə üçün bütün iqtisadi göstəricilərdə geriləmə baş verdiyi, nə üçün orta və kiçik sahibkarların sayının azaldığı, sahibkarların ölkəni niyə tərk etdiyi, niyə hər bir istedadlı gəncin arzusunun ölkəni tərk etmək olduğu, niyə bu günə qədər gələcəyə hesablanmış bir dənə də olsun data mərkəzinin yaradılmadığı, əhalinin gəlirləri ilə istifadə etdikləri məhsulların qiymət artımı arasındakı fərqin hansı istiqamətdə dəyişdiyi və sair məsələlər barədə danışılacağını gözləyirdim.
Ən əsası isə sahibkarlığın inkişafı üçün vacib olan vergi siyasətinin, gömrük rüsumlarının, güzəştli kreditlərin nə vaxt normal hala gətiriləcəyi, nə vaxt həqiqi rəqabət mühitinin yaradılacağı, necə olur ki, bütün tenderlərin qalibi vəzifədə olanların qohum-əqrəbaları, dost-tanışları olur, nə vaxta qədər ölkə iqtisadiyyatının əsas sahibləri yalnız hakimiyyətdə təmsil olunan şəxslər olacaq, nə vaxt hüquq-mühafizə orqanlarının və məhkəmələrin sahibkarlara maneçiliyi aradan qalxacaq, nə vaxta qədər əhali “bizimkilər” və “özgələr”ə bölünəcək və s. məsələlərə münasibət bildirilməsini gözləyirdim.
Ən dəhşətlisi isə odur ki, büdcənin əhəmiyyətli hissəsi hələ də əhalini məhv edən cərimələr hesabına formalaşdırılır.
Bu siyahını uzatmaq da olar. Çox istərdim ki, ölkə iqtisadiyyatının durumu ilə bağlı iş adamları, iqdisadçılar daha geniş fikirlərini bölüşələr.


