Cüdoçularımız Çin Qran-Prisində
26-29 iyun günlərində Çinin Sindao şəhərində kişi və qadın cüdoçular arasında Olimpiya təsnifatı Qran-Pri keçiriləcək. Üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 58 ölkəni təmsil edən 502 (267 kişi, 235 qadın) tatami ustası medallar uğrunda yarışacaq.
ACF-dən verilən məlumata görə, ölkəmiz sözügedən turnirdə 10 müxtəlif çəki dərəcəsində 17 (11 kişi və 6 qadın) cüdoçu ilə təmsil olunacaq. Kişilərin komandasına baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçuk, qadın millimizə isə baş məşqçi Amina Abdellaitf və böyük məşqçi Saşa Herkenart-Vimarin rəhbərlik edir.
Kişilərin yarışında cüdoçularımızdan Əhməd Yusif, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsayev, Murad Fətiyev (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokuari (hər ikisi +100 kq), qadınlar arasında isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq) və Südabə Ağayeva (70 kq) çıxış edəcək.
İyunun 25-də turnirin püşkatma mərasimi keçirilib və bununla da cüdoçularımızın ilk rəqibləri bəlli olub.
İNTİQAM Məmmədov


