Ceylan Mumoğlu:
Batan keçmiş, boğulan gələcək: “Tufan səhnəsi” rəsmində şüuraltı düyünlər və ŞÜD metodu
Təsvirin tən ortasında bir kişi var, gənc və qüvvətli. Qarşısında üç nəfər amansız dalğaların içində boğulur. Atası, arvadı və uşağı. Arvadı qat-qat yaxındadır. Uşağı isə az qala əlinin altındadır, uzansa tutacaq. Kişi isə bütün bədəni ilə uzaqdakı atasına uzanır. Artıq barmaqlarının ucundan sürüşüb gedən, qurtarılması ehtimalı belə olmayan o qoca ataya.
Bunu görəndə adamın içində qeyri-ixtiyari bir üsyan baş qaldırır. Niyə?
Keçmişini batırmaq istəmirsən. Amma o səni çoxdan batırır. Fərqindəsənmi?
1826-cı ildə fransız rəssam Joseph-Désiré Court dəhşətli bir tablo çəkdi. Adı "Tufan Səhnəsi" (Scene of Deluge) olan bu əsər əslində boya ilə çəkilmiş kəskin psixoloji travmadır.
Təsvirin tən ortasında bir kişi var, gənc və qüvvətli. Qarşısında üç nəfər amansız dalğaların içində boğulur. Atası, arvadı və uşağı. Arvadı qat-qat yaxındadır. Uşağı isə az qala əlinin altındadır, uzansa tutacaq. Kişi isə bütün bədəni ilə o uzaqdakı atasına uzanır. Artıq barmaqlarının ucundan sürüşüb gedən, qurtarılması ehtimalı belə olmayan o qoca ataya.
Bunu görəndə adamın içində qeyri-ixtiyari bir üsyan baş qaldırır. Niyə? Ən asan qurtarıla bilən, həm də sənin birbaşa məsuliyyətində olan indiki anın və gələcəyin durarkən niyə o uzaqdakı keçmişə can atırsan? Cavab aydın deyil. Heç bir məntiq kitabında bu sualın cavabı yoxdur. Amma şüuraltının qaranlıq zirzəmilərinə bələd olanlar üçün bu mənzərə gün işığı kimi aydındır.
Ziqmund Freydin "fixation", yəni keçmişə bağlanma dediyi konsept məhz budur. İnsan inkişafının hansısa mərhələsindən tam sağalaraq keçə bilməyəndə onun şüuraltısı həmin o qırıq nöqtəyə yapışır. Eynən rəsmdəki o kişi kimi. O, daha əlçatan olanı, yəni öz gələcəyini və bu gününü, heç vaxt xilas edə bilməyəcəyi keçmiş uğruna sulara qərq edir.
Məncə Karl Yunq bu rəsmə baxsaydı, dərindən ah çəkərdi. Çünki burada ata sadəcə bioloji bir fərd deyil. O, çox nəhəng arxetipdir. İlk təhlükəsizlik hissinin mərkəzi. Sənin "mən kiməm" sualına verilən ilk və ən qədim cavabdır. Atanı itirmək öz köklərini və bünövrəni itirməkdir. Sinir sistemi və ibtidai beyin bu qorxunu o qədər dərin yaşayır ki, böhran anında heç bir rasional məntiq işləmir.
Bir də təbii ki, o boynunu sındıran "valideyn borcu" sindromu. Şüuraltıda "onlar mənə həyat verdi, mən onlara həyatımı borcluyam" kodlaşdırması o qədər vəhşicəsinə işləyir ki, kişi fəlakət anında öz övladının çırpınışını belə görməzdən gəlir.
Amma burada başqa bir qaranlıq detal da var. Rəsmdəki adamın bəlkə də fərqində belə olmadan etdiyi gizli seçim. O, ən çətin olanı seçib. Həyat yoldaşı və övladı bir addımlıqdadır, onları xilas etmək su içmək qədər asandır. Lakin o asan yoldan bilərəkdən qaçır.
Bu, bəzən şüuraltı səviyyədə özünü cəzalandırmanın ən amansız formasıdır. Bədəndə həkk olunmuş, amma ağıldan çoxdan silinmiş köhnə, zəhərli inanc pıçıldayır: "Asan olan mənə yaraşmaz", "Mən asan yola və xoşbəxtliyə layiq deyiləm". Göz qabağındadır, deyilmi?
Biz bu səhnəni sadəcə tufan qopanda yaşamırıq. İnsanlar tamamilə sakit və aydınlıq günlərini həmin bitməmiş, çürümüş keçmişi xilas etməyə xərcləyirlər. Qurtarmamış və heç vaxt da qurtarmayacaq münasibətlər. Dəyişdirilməsi qeyri-mümkün olan anlar. Hər dəfə boşluğa, o tərəfə uzanan çarəsiz əl.
Öz yaratdığım və illərdir yüzlərlə insanın həyatında tətbiq etdiyim ŞÜD Metodu çərçivəsində mən bunu məhz "keçmiş bağlılığı" adlandırıram.
Bu, zəiflik əlaməti deyil. Özünü qınamağa tələsmə. Beynimiz sadəcə olaraq yarımçıq qalan işləri bağlamaq istəyir. Bu mexanizmdir, qorunma üsuludur. Amma əsl fəlakət odur ki, bəzən o "yarımçıq iş" 20 il əvvəl baş verib. Sənin bədənin isə o stresi elə indicə yaşanırmış kimi hiss edir. Şüuraltı isə onu "bitməmiş iş" kimi qeydə alıb, o düyün açılana qədər sən eyni ssenarini təkrar-təkrar yaşayacaqsan.
Yenidən o kişinin əllərinə bax. Atası artıq barmaqlarının arasından sürüşüb gedir. Bəlkə də tufanın ilk qopduğu andan etibarən o onsuz da gedirdi. Amma adam hələ də kor-koranə uzanmağa davam edir. Arxasında isə əldən verdiyi indiki anı və boğulan gələcəyi var.
İndi sən mənə de. Sən tam olaraq nəyə uzanırsan? Bərk-bərk tutunduğun keçmişin uğruna arxanda nələri, kimləri və hansı ehtimalları sulara qərq edirsən?
Ceylan Mumoğlu
Psixoloq - Yazıçı


