Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xodaşirin Cəbiyev:

Bu gün tanınmış jurnalist Zahir Əmənovun doğum günüdür

Bu gün - 27 iyun 2026-cı il tarixdə tanınımış jurnalist, naşir, yazıçı-publisist Zahir Əmənovun doğum günüdür - anadan olmasının 74-cü ildönümü tamam olur. Bu münasibətlə Zahir müəllimə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, firavan həyat, xoş günlər və yeni-yeni yaradıcılıq uğurları arzu edirəm! 
     Zahir bəylə hələ ötən əsrin 60-cı illərindən Masallı rayon Pionerlər Evində, Komsomol Komitəsində, Partiya Komitəsində, İcra Hakimiyyətində və digər dövlət vəzifələrində çalışdığı illərdən tanışam, səmimi, işgüzar əlaqələrimiz olub. Ötən ilin dekabr ayında "Cənib xəbərləri" onlayn qəzetində və "DODO" qəzetində verdiyim müsahibələrdə oxucuların diqqətinə çatdırdığım kimi bir daha bildirəm ki, Masallı rayonunda 1990-cı illərdə Azadlıq hərəkatının ön sıralarında, ilk mitinqdə Zahirlə hər ikimiz yanaşı dayanmışıq, birgə addımlamışıq.
     Tale belə gətirdi ki, 1994-cü ildən başlayaraq ölkədə küçə-bazarlarda baş alıb gedən qanunsuz dərman alveri, oliqarxiya və digər neqativ hallara qarşı etiraz əlaməti olaraq daşıdığım vəzifədən 1997-ci ilin mart ayında istefa verərək Rusiya Federasiyasına üz tutdum. Düz 10 ildən sonra 2007-ci ilin mart ayında qarşıma qoyduğum əsas məqsədlərə çatdım - 2 oğlan övladıma ali təhsil verdim, onların ailə həyatı qurmasına nail oldum.  Və doğma vətənə qayıtdım. 
     Ötən müddət ərzində rayonda bir çox şeylər dəyişmişdi, tanıdığım insanların xeyli hissəsi də. Amma məni arayıb-axtaranların içərisində ön sırada dayananlardan biri də Zahir idi. Rəhbərlik etdiyi qəzetdə 2008-ci ildə mənimlə müsahibəni dərc etdi (“Onu tanıyanlar da çoxdur, unutmayanlar da...”.  “Cənub xəbərləri” qəzetinin müxbiri Sərraf Zahirlə müsahibə.  № 01 (155). 10.01.2008-ci il) və o dövrdən başlayaraq həmin qəzetdə tədqiqat işlərim, araşdırma yazılarım, publisistik məqalələrim yaxın günlərə qədər mütəmadi olaraq dərc olundu. Masallı əsilli görkəmli tarixi şəxsiyyətlər - Teymur bəy Bayraməlibəyov, Böyükağa Talıblı, Məryəm xanım Bayraməlibəyova, Cavad bəy Məlik-Yeqanov, Əli bəy Bəylərbəyov, Molla Cəlal Gülməmmədoğlu, Mir Kazım Aslanlı - Sarəng, Aşıq Abdulla, Mir İslam Rəfiyev, Mürüvvət Həşimov, Kərim Həsənov, Aşıq Salman Tağıyev, Ələfsər Niftiyev, Fəraməz Məhərrəmov, İmamverdi Həmidov və başqalarını bir daha xalqa qaytardıq. Z. Əmənovun rəhbərlik etdiyi "Cənub Xəbər TV"-də regionumuzun tarixi şəxsiyyətləri və tarix-etnoqrafiyası barədə rəngarəng proqramlarla birgə çıxışlar etmişik. Lakin maarifçilik sahəsində apardığımız xeyirxah işlər bəzi nankor, nanəcib, tərəqqinin düşməni olan yerli antipodlar tərəfindən birmənalı qarşılanmadı və bizə qarşı hücumlar da oldu. Bütün bunlara baxmayaraq biz qarşımıza qoyduğumuz məqsədlərə nail olduq, təmənnasız əməyimiz xalqın və tarixin yaddaşında əbədi olaraq qaldı. 
     Zahir müəllim haliyədə yaşayıçəş ünvanını dəyişərək Bakı şəhərinə köçsə də, ara-sıra zəngləşirik, rayona yolu düşəndə vaxt tapıb görüşürük, ötən günlərin xatirələrini birgə vərəqləyirik. Əminliklə onu da bilirik ki, necə deyərlər: xalq qarşısında "zəhmətimiz hədər getmədi".
    Yaşadığımız ictimai mühitdə baş verən prosesləri birgə müzakirə edəndə  Zahir bəylə bəzən fikirlərimiz üst-üstə düşmür, haçalanır. Lakin sonda sağlam dialoq, qarşılıqlı anlaşma, haqqın təntənəsi qalib gəlir. 
     İndiki zəmanədə vəziyyət belədir ki, bir nəfər hamı tərəfindən müsbıt qəbul edilmir və ya rəğbətlə qarşılanmır. Bütün bunlar təbiidir, xüsusilə, qələm əhli üçün. Amma şəxsiyyətlərə dəyəri, qiyməti zaman verir. Bir məsələ gün kimi aydındır - Zahir Əmənov Azərbaycan jurnalistikasının önündə gedən və əvəzsiz xidmətləri olan yaradıcı ziyalıdır. Zahiri tənqid edənlərin kimliyini tərəzinin bir gözünə, qəhrəmanımızın xalq, cəmiyyət və dövlət qarşısında göstərdiyi xidmətləri tərəzinin digər gözünə qoysaq, kimin-kim olduğunu açıq gözlə. eynəksiz də görmək olar. O baxır sözü kim deyir, ədalətin tərəzisi kimin əlindədir. İnanıram ki, hər şeyi və hər kəsi zaman öz yerinə qoyacaq, layiq olduğu kürsüdə əyləşdirəcək. İnşallah!
     Zahir bəyi ömrünün 74-cü baharlna qədəm qoymasl münasibətilə bir daha təbrik edirəm! Ona uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, firavan həyat və xoş günlır arzulayıram! 
100 yaşa, qardaşım! Qartal ol, amma daim zirvədə qal!!!

Best coffeeshop in Berlin