Sevginin ən böyük adı – Vətən sevgisi
Sevgi haqqında möcüzəli bir hekayə danışım…
Bu, iki insanın bir-birini sevməsinin deyil, iki insanın doğma yurdunu eyni ürəklə sevməsinin hekayəsidir.
Laçının Hacıxanlı kəndində hələ yaşayış tam bərpa olunmayıb. Nə qaz var, nə işıq, nə də gündəlik həyat üçün lazımi şərait. Amma bütün bunlar 76 yaşlı Atlası xanımı və 80 yaşlı ömür-gün yoldaşını doğma torpaqlarından uzaq saxlaya bilməyib.
Onlar qərar veriblər ki, ömürlərinin qalan hissəsini həsrət çəkdikləri yurdda keçirsinlər. Əl-ələ verib Hacıxanlıya qayıdıblar. Öz əlləri ilə balaca bir alaçıq qurublar və artıq bir aydır ki, orada yaşayırlar.
Alaçığı elə yerdə salıblar ki, dağıdılmış evləri hər gün gözlərinin önündə olsun. Hər səhər o uçuq divarlara baxsınlar, illərin iz saldığı daşlara əl gəzdirsinlər, həyətlərində bitən otların arasından keçib xatirələrini yenidən yaşasınlar. Yiyəsiz qalmış məzarları ziyarət etsinlər ki, doğma Laçını heç vaxt tərk etməyən ruhlar onların gəlişindən xəbər tutsun.
Nə yağış onları qorxudub, nə dolu, nə də dağların vəhşi heyvanları. Övladları israrla geri qayıtmalarını istəyəndə isə sadəcə gülümsəyiblər:
“Ayının nəyindən qorxursunuz? Bir onun üzündəki nura baxın…”
Bu sözlər qorxmazlıqdan da böyük bir hissin ifadəsidir. Çünki Vətən sevgisi insanın bütün qorxularını susdurur.
Allah şahiddir, mən şəhərin mərkəzində, işıqlı küçələrin arasında yaşayıram. Ətrafım insanlarla doludur. Amma hər gecə uzaqdan çaqqalların səsini eşidəndə diksinirəm. Atlası xanımla ömür-gün yoldaşının hekayəsini oxuyandan sonra isə isti suyu açanda, işığı yandıranda, rahat evimdə oturanda öz-özümdən xəcalət çəkdim.
Biz bəzən “Laçını sevirik” deməklə kifayətlənirik.
Onlar isə bu sevgini yaşayırlar.
Bəzən sevgi bir cümlə deyil, bir ömürlük qərardır. Atlası xanımla həyat yoldaşının seçdiyi yol bunu bir daha sübut edir. Onlar göstərdilər ki, əsl yurd sevgisi nə rahatlığa satılır, nə də çətinlik qarşısında geri çəkilir.
Allah onları qorusun. Allah bütün yurdlarımızı abad etsin. Hacıxanlının bugünkü sükutu sabah uşaqların gülüşü, ocaq tüstüsü və həyat nəfəsi ilə əvəz olunsun.
Çünki Vətənə ən böyük sevgi onu dillə sevmək deyil, ona qayıdıb sahib çıxmaqdır.


