Elnur Mustafayev:
“Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunda Azərbaycan–türkman əlaqələri müzakirə olunub
2026-cı il iyunun 25-də Bakıda - Beynəlxalq Muğam Mərkəzində “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunda moderator qismində çıxış etdik.
Məlumat üçün qeyd edim ki, Forumda İraq, Suriya, Livan və Türkiyədən 30 nəfərə yaxın vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən 250 nəfərdən çox yerli QHT nümayəndələri iştirak edirdi.
Moderatoru olduğum “Nə yaxınmış uzaqlar” adlı paneldə professor, Əməkdar elm xadimi, türkmanşünas Qəzənfər Paşayev, İraqın Türkman Alimlər Birliyinin sədri Nəbil Şahin Kifrili, Suriya Türkman Platformasının və Suriya Türkman Məclisinin qurucusu Əsəd Ərbər Həsən, İraq Türkləri Mədəniyyət və Xeyriyyə Birliyinin sədri Əyyub Kərəm, Suriya Türkman Dərnəkləri Federasiyasının rəhbəri Əli Bədo Mustafa məruzələrlə çıxış etdilər.
Biz də öz növbəmizdə, fürsətdən istifadə edib Azərbaycan-türkman əlaqələrindən, bu əlaqələrin tarixi köklərindən, müasir dövrdəki vəziyyətindən, AMEA-nın akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda türkman irsi ilə bağlı aparılan tədqiqatlardan, o cümlədən gələcəkdə mövcud əlaqələri gücləndirə biləcək işlərin əhəmiyyətindən və perspektivlərindən bəhs etdik.


