Portuqaliya, İspaniya və İsveçrə də DÇ-2026-nın 1/8-nə yüksəlib
Dünən gecə saatlarında və bu gün DÇ-2026-nın 1/16 final mərhələsində bir neçə oyun keçirilib. Maraqlı oyunlardan biri Kanadanın paytaxtı Torontodakı "BMD Field" Arenasında baş tutub. Burada Portuqaliya ilə Xorvatiya qarşılaşıb. Taleyi norveçli referi Espen Eskosa həvalə edilən həmin oyun, lideri Kriştiano Ronaldo olan Portuqaliya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb -2:1.
Matçın gedişinə gəlincə, ilk yarı qolsuz bərabərliklə bitib - 0:0. İkinci yarıda isə qapılara üst-üstə 3 qol vurulub. Bu qollardan ikisi Portuqaliya millisinin, biri isə Xorvatiyanın aktivinə yazılıb.
53-cü dəqiqədə portogezlərin müdafiə xəttində yaranan çaşqınlıqdan istifadə edən xorvatiyalı İvan Perişiç komanda yoldaşı Yasin Stanişiçin ötürməsini qola çevirməklə hesabı açıb - 0:1.
Matçın 68-ci dəqiqəsində isə, Kriştiano Ronaldo penalti zərbəsi ilə rəqib qapıçını çaş-baş qoyaraq, hesabı bərabərləşdirib - 1:1.
Matçda son və qələbə qolunu 90+4 dəqiqədə Portuqaliya millisinin üzvü Qonsalu Ramuş vurub - 2:1.
Bu qələbə Portuqaliya millisini mundialın 1/8 finalına yüksəldib.
Portuqaliya - Xorvatiya matçını futbolun iki canlı əfsanəsinin - 41 yaşlı Kriştiano Ronaldo ilə 40 yaşlı Luka Modriçin qarşılaşması kimi dəyərləndiriblər. Maraqlıdır ki, uzun illər Madrid "Real"ının heyətində eyni amal uğrunda 222 oyunda çiyin-çiyinə mübarizə aparan, onlarca tutula, o cümlədən 4 dəfə UEFA Çempionlar Liqasına sahiblənən bu cütlük Torontoda millilər səviyyəsində 5-cı dəfə rəqib qismində qarşılaşıblar. Qeyd edək ki, bütün bu duellərin hamısında Ronaldo qalib gəlib. Torontoya qədər Portuqaliya Xorvatiyanı 1 dəfə yoldaşlıq görüşündə, 2 dəfə Millətlər Liqasının qrup mərhələsində və 1 dəfə də AÇ-2016-nın 1/8 finalında üstələyib.
Bir məqamı da qeyd edək ki, bu cütlüyün dueli İngiltərə Premyer liqasında "MYu" - "Tottenhem" qarşılaşmaları ilə başlayıb. Maraqlıdır ki, hər dəfə də sevinən tərəf Ronaldo olub.
DÇ-2026-nın 1/16 finalında baş tutan digər oyunlara gəlincə, mundialın favoritlərindən hesab edilən İspaniya millisi Avstriya yığmasını böyük hesabla məğlub edib - 3:0. Yeri gəlmişkən, İspaniya millisi 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.
Daha bir oyunda isə İsveçrə yığması Əlcəzair millisini iki cavabsız qolla üstələyib - 2:0.
Bu gün isə saat 21:00-da 1/16 final çərçivəsində Avstraliya ilə Misir qarşılaşacaq.
İNTİQAM Məmmədov


