BDU-da “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov olub
Bakı Dövlət Universiteti (BDU), Xarici İşlər Nazirliyi, ”BDU könüllüləri” və “Diplomatiya könüllüləri” təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Diplomatiya saatı” layihəsinin növbəti qonağı Azərbaycanın İsrail dövlətindəki səfiri Muxtar Məmmədov olub.
BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Bakı Dövlət Universitetinin ölkənin yüksəkixtisaslı kadrlarla təmin edilməsində vacib rolunu diqqətə çatdırıb, Universitetin XİN-lə sıx əməkdaşlıq etdiyini bildirib. O qeyd edib ki, “Diplomatiya saatı” layihəsinin məqsədi tələbələri Azərbaycanın xarici ölkələrdəki səfirləri və XİN sistemində çalışan peşəkar diplomatlarla görüşdürməkdir. Prorektor Muxtar Məmmədovun həm xarici siyasət, həm də elm və təhsil sahəsində uzun illər çalışdığını xatırladıb. BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu olan Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2009-2013-cü illər ərzində Azərbaycanın Belçika Krallığındakı səfirliyində diplomat olaraq fəaliyyət göstərib. O, 2013-2021-ci illərdə Elm və Təhsil Nazirliyində sektor müdiri, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru, Aparat rəhbəri, 2021-ci ilin aprelindən 2023-cü ilin yanvar ayınadək elm və təhsil nazirinin müavini vəzifələrində çalışıb. Muxtar Məmmədov 2023-cü il yanvarın 11-də ölkə Prezidentinin Sərəncamı ilə Azərbaycanın İsrail dövlətində səfiri təyin olunub.
Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov uzun illər sonra yenidən doğma Universitetin divarları arasında olmaqdan məmnun olduğunu bildirib. O, tələbələrə peşəkar diplomat olmağın çətin, məsuliyyətli və şərəfli olduğunu deyib: “Diplomat hər bir sahədə ölkəsini təmsil edir. Ona görə də onun nitqi ilə yanaşı, davranış və hərəkətləri də daim diqqət mərkəzində olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşləri, mətbuat konfransları zamanı çıxışları indiki və gələcək diplomatlar üçün əsl ustad dərsidir”.
Diplomat xarici siyasət sahəsində çalışmaq istəyən tələbələrə çoxlu kitab oxumağı, dil öyrənməyi, tanınmış diplomatların bioqrafiyaları ilə tanış olmağı tövsiyə edib: “Diplomatlar öz ölkəsinin və xidmət etdikləri ölkənin gündəmini müntəzəm izləməli, media ilə işləməyi bacarmalıdırlar. Hadisələri proqnozlaşdıra bilmək, çevik qərarvermə qabiliyyətinə malik olmaq, tənqidi düşüncə qabiliyyəti diplomatlar üçün vacibdir. Bəzən diplomatiyada, xarici siyasətdə nəticələr dərhal görünmür. Azərbaycanın qazandığı böyük Zəfər, xarici siyasətdəki uğurlarımız, dünyada güc mərkəzinə çevrilməyimiz illərlə aparılan uğurlu siyasətin nəticəsidir. Azərbaycanın xarici siyasəti ölkənin milli maraqlarına söykənən multivektorial siyasətdir”.
Daha sonra qonaq tələbələrin çoxsaylı suallarını cavablandırıb.


