Şahin Növrəsli Festivalı 2026 - Musiqi ilə yubiley
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Şahin Növrəsli Festivalı 2026 ədəbi müsabiqəsinin qalibləri üçün ədəbiyyət axşamı və mükafatlandırma mərasimi keçirilib.
Hər il festival çərçivəsində ənənəvi olaraq keçirilən ədəbi müsabiqənin məqsədi ədəbi əsərdə canlı musiqi obrazı yaratmaq və ədəbiyyatda musiqi mövzusunu populyarlaşdırmaqdır. Bu ilki mövzu “Musiqi ilə yubiley” adlanır.
İştirakçıların əsərləri münsiflər heyəti - Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aleksandr Xakimov, NG Yaradıcılar Klubunun direktoru Natiq Əliyev, Shahin Novrasli Festival media koordinatoru Rüstəm Hüseynov tərəfindən qiymətləndirilib.
Şahin Növrəsli Festivalı 2026 ədəbi müsabiqəsində 1-ci yer Əminə Eruslu, 2-ci yer Nərmin Musayeva, 3-cü yer üzrə isə Alisa Orexova mükafatlara layiq görülüblər.
Tamaşaçı seçimi mükafatının qalibi isə Olqa Şalayeva olub.
Tədbir zamanı iştirakçılar və münsiflər heyəti üzvləri fikirlərini bölüşüb, yaradıcılıq prosesini müzakirə edib, iştirakçıların hekayələrindəki ən maraqlı epizodları vurğulayıb və ən orijinal süjet dönüşlərini ətraflı müzakirə ediblər. Münsiflər heyətinin üzvü Natiq Əliyev əsərlərdən ən yaddaqalan sətirləri oxuyub. İştirakçılar arasında həm yeni başlayan yazıçılar, həm də tanınmış yazıçı və şairlər var idi. Tədbirdə Lalə Həsənova, Ziba Rəsul, Lalə Əliyeva-Klıçkova, Məsumə Qasımova, Samirə Şıxıyeva, Bayram Məhərrəmov, Zülfiyyə Babayeva və Təranə Əzimova öz əsərlərini təqdim ediblər.
Müsabiqənin təşəbbüskarı Rüstəm Hüseynov bu ilin ən maraqlı iştirakçıları haqqında ətraflı danışaraq, müsabiqənin səviyyəsinin xeyli yaxşılaşdığını qeyd edib.
Xatırladaq ki, Şahin Növrəsli Festivalı 2026 2-12 iyul tarixlərində İçərişəhərdə keçiriləcək. On gün ərzində Bakı sakinləri və qonaqları on ölkədən tanınmış musiqiçilərin ifasında müxtəlif janrlardan xüsusi musiqi proqramından zövq alacaqlar. Şahin Növrəsli Festivalı 2026 qonaqlara festival yarmarkası, gündəlik DJ setləri, gənc istedadların konserti, ədəbi müsabiqə və müxtəlif mövzularda sessiyalar da təqdim edəcək.


