İsveçrə Kolumbiyanı penaltilərlə udaraq Argentinaya rəqib olub
Dünən axşam saatlarında keçirilən İsveçrə - Kolumbiya oyunu ilə futbol üzrə 23-cü dünya çempionatında 1/8 final oyunlarına yekun vurulub. Kanadanın Vankuver şəhərindəki "Bi Ci Palace" stadionunda 52.497 tamaşaçının gözü qarşısında baş tutan və FİFA referisi İvan Arsides Bartomun (Salvador) idarə etdiyi oyun Avropa təmsilçisinin qələbəsi ilə bitib. Qeyd edək ki, matçın nə 90 dəqiqəlik əsas vaxtında, nə əlavə edilmiş iki 15 dəqiqəlik vaxtda tərəflərdən heç biri qol vura bilməyib. Oyundan sonra baş tutan penalti seriyasında isə isveçrəlilər daha dəqiq olublar - 4:3.
Kolumbiyalılardan Davinson Sançes qapını dəqiq nişan ala bilməyib. Onun komanda yoldaşı Xuan Kamilo Ernandesin zərbəsini isə isveçrəli qolkiper Qreqor Kobel dəf edib. İsveçrə yığmasından isə müdafiəçi Manuel Akancinin zərbəsi dəqiq olmayıb.
Sözügedən oyun Kolumbiya millisinin 34 yaşlı yarımmüdafiəçisi Xames Rodriqes üçün əlamətdar olub. O, 131-ci dəfə millinin heyətində meydana çıxmaqla sabiq qolkiper David Ospinin nəticəsini təkrarlayıb. DÇ-2014-də 6 qolla mundialın bombardiri olan Rodriqec millidə 31 qol və 43 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, bu dueldən qalib ayrılan İsveçrə 1/4-də Argentina ilə üzləşəcək.
Çempionata iyulun 19-da baş tutacaq final matçı ilə yekun vurulacaq.
İNTİQAM Məmmədov


