Fransa DÇ-2026-nın ilk yarımfinalçısıdır
Dünən gecə saatlarında futbol üzrə 23-cü dünya çempionatında ilk 1/4 final oyunu keçirilib və bununla da mundialın ilk yarımfinalçısı bəlli olub. Söhbət ABŞ-nin Foksbor şəhərindəki "Gillette Stadium" arenasında baş tutan Fransa - Mərakeş (2:0) matçının qalibindən gedir. Qeyd edək ki, 70 min tamaşaçının bir başa arenada izlədiyi həmin oyunda fransızlar iki cavabsız qolla qalib gəliblər. Matçın ilk yarısı qolsuz bərabərliklə bitib - 0:0. Hətta matçın 28-ci dəqiqəsində argentinalı baş hakim Fakundo Telyonun afrikalıların qapısına təyin etdiyi penalti zərbəsi də hesabın açılmasına səbəb olmayıb. Çünki Kilian Mbappe ilə mərakeşli qolkiper Yassin Bununun dueli ikincinin üstünlüyü ilə başa çatıb.
Hesab yalnız 60-cı dəqiqədə açılıb. Dezire Duadan pas alan Mbappe nəhayət ki, hesabı aşmağa nail olub - 1:0. Bu Mbappenin DÇ-2026-da 8-ci, mundiallar tarixində isə 20-ci qolu kimi tarixə düşüb. Bundan 6 dəqiqə sonra isə Mbappenin ötürməsini Usman Dembele məntiqi sonluqla başa çatdırıb - 2:0.
Bu Dembelenin hazırki mundialda 5-ci qolu olub. Beləliklə, təcrübəli mütəxəssis Didye Deşamın çalışdırdığı Fransa millisi DÇ-2026-nın ilk yarımfinalçısı olub.
Bu gün isə 1/4 final mərhələsi çərçivəsində keçiriləcək daha bir oyunda isə Norveçlə İngiltərə millisi qarşılaşacaq. Çoxları bu oyunu mundialın bombardirlərindən olan Halannla Keyn qarşılaşması kimi dəyərləndirir.
İNTİQAM Məmmədov


