Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ruzanna Məmmədova üçqat Avropa çempionudur 

Şimali Makedoniyanın paytaxtı Skopyedə 20 yaşlı (U-20) gənclər arasında idman güləşi üzrə keçirilən Avropa çempionatı sərbəst güləşçilərin çıxışı ilə davam edir. Dünən isə çempionatda qadınların yarışına yekun vurulub. Yarışın son günündə yığmamızın üzvlərindən ikisi medal uğrunda görüşə çıxıb. Onlardan biri cempionluq, digəri isə bürünc medal uğrunda güləşib. Çempionluq uğrunda güləşən təmsilçimiz Ruzanna Məmmədova (62 kq) həlledici finalda türkiyəli təqibi Özdenur Özmezi (6:0) məğlub edərək, üçüncü dəfə Avropa çempionu adını qazanıb. O, bununla da Azərbaycanın güləş tarixinə üçqat Avropa çempionu (AÇ-2024, AÇ-2025, AÇ-2026) olan ilk qadın güləşçi kimi düşüb. Son gündə döşək üzərinə çıxan digər təmsilçimiz - Zəhra Kərimzadə (72 kq) isə bürünc medal uğrunda görüşdə İlayda Çinə (Türkiyə) məğlub olaraq, çıxışını medalın bir addımlığında (5-ci yer) bitirib. Bir gün əvvəl isə qadın güləşçimiz Günay Qurbanova (59 kq) yalnız həlledici finalda büdrəyərək gümüş medalla kifayətlənib. 

Beləliklə, U-20 qadın millimiz Avropa çempionatını 2 (1-1-0) medal və 71 xalla komanda hesabında 5-ci yerdə bitirib. Bu yarışda ilk üç yeri isə Rusiya (188 xal), Ukrayna (145 xal) və Almaniya (97 xal) bölüşür.

Xatırladaq ki, sözügedən yarışda iştirak edən yunan-Roma güləşi üzrə millimiz isə çıxışını 5 (1-2-2) medalla başa vurub.

İNTİQAM Məmmədov 

Best coffeeshop in Berlin