Kanadada İslam mərkəzinə hücum edilib
Kanadanın Vinnipeq şəhərindəki İslam mərkəzinə naməlum şəxslər hücum edib.
Bu barədə CBC televiziya kanalı məlumat verib.
Hadisə 30 iyul gecəsi baş verib. Müşahidə kameralarının görüntülərinə görə, iki naməlum şəxs mərkəzə yaxınlaşaraq atəş açıb. Daha sonra daha iki naməlum şəxs eyni binaya yaxınlaşaraq bir neçə pəncərəni sındırıb.
Mərkəz nümayəndələri hücum zamanı binanın içərisində insanların olduğunu iddia ediblər. Onlar xəsarət almayıblar. Faktla bağlı araşdırma başlanıb.
27 iyulda naməlum şəxslərin Torontoda yəhudilərə məxsus çörək sexləri şəbəkəsinə atəş açdığı bildirilib. Polis nifrət cinayətləri ilə bağlı araşdırmaya başlayıb. Mer Oliviya Çou hadisəni antisemitizm adlandırıb və onu "rəzil və qəbuledilməz" adlandırıb.


