Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib

Avqustun 2-də Beynəlxalq Muğam Mərkəzində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Beynəlxalq Muğam Mərkəzinin səhnəsində mərhumun tabutunun ətrafına Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyi, digər dövlət və hökumət təşkilatları adından əklil qoyulub.
Əvvəlcə Nəriman Həsənzadənin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova nazir Adil Kərimlinin adından mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Bildirilib ki, böyük söz ustası olan Nəriman Həsənzadə bütün yaradıcılıq fəaliyyəti boyunca milli-mənəvi dəyərlərimizin yorulmaz tərənnümçüsü və təbliğatçısı olub. Onun poeziyasının qayəsini vətənsevərlik və humanizm ideyaları təşkil edir.
Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, uzun illər ölkəmizin ədəbi, mədəni, ictimai həyatında fəal iştirak edən nüfuzlu ziyalı kimi də tanınıb. Onun Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafındakı mühüm xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. 
Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, Xalq şairi Vahid Əziz Nəriman Həsənzadənin zəngin yaradıcılığından, Azərbaycan ədəbiyyatına verdiyi dəyərli töhfələrdən danışıblar.
Ailə üzvləri adından çıxış edən Nazim Həsənzadə atasının yaradıcılığına hər zaman böyük diqqətlə yanaşan ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Vida mərasimindən sonra Xalq şairinin cənazəsi Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.

Best coffeeshop in Berlin