Türkiyənin HAVELSAN şirkəti Azərbaycana müasir hava əməliyyatlarının idarə edilməsi sistemi bağışlayıb
Türkiyənin müdafiə şirkəti HAVELSAN HvBS (Hava Kuvvetleri Bilgi Sistemi) sistemini Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verib. Bu sistem hava əməliyyatlarının planlaşdırılması, idarə olunması, monitorinqi və qiymətləndirilməsi üçün nəzərdə tutulub.
TRT Haber xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının ehtiyaclarını ödəmək üçün xüsusi olaraq hazırlanmış sistem, hava əməliyyatlarının hazırlanması və icrasının bütün əsas mərhələlərini özündə birləşdirən müasir rəqəmsal komanda və idarəetmə platformasıdır.
Şirkətin məlumatına görə, Azərbaycana təqdim edilən sistem əməliyyat mərkəzi personalına vahid informasiya məkanında işləməyə, tapşırıqları və əməliyyat məlumatlarını real vaxt rejimində idarə etməyə, vacib məlumatları mərkəzləşdirilmiş şəkildə izləməyə və qərar qəbuletməni əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir. Bu, əməliyyatların planlaşdırılması, əlaqələndirilməsi və icrasının sürətini, dəqiqliyini və səmərəliliyini artırır.
HAVELSAN qeyd edib ki, HvBS dünyanın ən əhatəli hava qüvvələri informasiya sistemlərindən biri hesab olunur. O, əməliyyat hazırlığı müddətini cəmi bir neçə dəqiqəyə qədər azaldır, müxtəlif komandanlıq səviyyələri arasında təhlükəsiz məlumat mübadiləsini təmin edir və dəyişən şəraitə əsasən əməliyyatlara real vaxt rejimində düzəlişlər etməyə imkan verir.
Açıq modul arxitekturası sayəsində sistem mövcud komandanlıq infrastrukturu ilə inteqrasiya olunur və istifadəçi ehtiyaclarını ödəmək üçün genişləndirilə bilər.
Şirkət vurğulayıb ki, HvBS-in təhvil verilməsi Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesində yüksək səviyyəli əməkdaşlığı nümayiş etdirir və beynəlxalq bazarda türk mühəndisləri tərəfindən hazırlanmış komanda və idarəetmə proqram təminatı həllərinə və texnologiyalarına tələbatı təsdiqləyir.


