Qəhrəmanlıq və azadlıq simvolu: ƏNVƏR PAŞA
4 avqust Ənvər Paşanın şəhadətinin ildönümüdür.
İsmayıl Ənvər Paşa (1881–1922) – Osmanlı imperiyasının son dövrünün ən mübahisəli, lakin bir o qədər də təsirli hərbi və siyasi xadimlərindən biridir. O, təkcə bir paşa və hərbi komandir deyil, həm də Türk dünyasının birləşməsi ideyasına tutqun olan, arzularının və ideallarının ardınca son nəfəsinədək gedən romantik bir lider kimi tarixdə iz qoymuşdur.
Ənvər Paşa gənc yaşlarından hərbi istedadı və cəsarəti ilə seçilirdi. "İttihad və Tərəqqi" cəmiyyətinin fəal üzvü olan Ənvər bey, 1908-ci il İkinci Məşrutiyyətin elan edilməsində mühüm rol oynayaraq "Hürriyyət qəhrəmanı" adı kazandı.
Babıali Basqını (1913): Dövlət çevrilişi nəticəsində "İttihad və Tərəqqi" hakimiyyəti ələ keçirdi və Ənvər Paşa Qoşun Naziri (Hərbiyyə Naziri) və Baş komandan vəkili təyin olundu.
Birinci Dünya Müharibəsi: Osmanlı imperiyasını müharibəyə daxil edən əsas fiqurlardan biri oldu. Müharibə dövründə böyük risklər götürən Ənvər Paşanın fəaliyyəti Sarqamış döyüşü kimi faciəvi məğlubiyyətlərlə yanaşı, Çanaqqala zəfəri kimi şanlı səhifələrlə də yadda qaldı.
Azərbaycan xalqı üçün Ənvər Paşanın adı xüsusi bir ehtiramla anılır. 1918-ci ildə Bakı və digər bölgələr erməni-bolşevik daşnaklarının qırğınlarına məruz qaldıqda, Azərbaycan Xalq Cümhuriyyətinin kömək çağırışına məhz Ənvər Paşa reaksiya verdi. O, qardaşı Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunu formalaşdıraraq Azərbaycana köməyə göndərdi. 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi türk-azərbaycan qardaşlığının ən parlaq rəmzinə çevrildi.
Müharibənin Osmanlı imperiyasının məğlubiyyəti ilə bitməsindən sonra Ənvər Paşa ölkəni tərk etmək məcburiyyətində qaldı. Lakin o, mübarizəni dayandırmadı. Almaniya və Sovet Rusiyasında apardığı mürəkkəb diplomatiyadan sonra, əsas məqsədinin Türkistanı (Orta Asiyanı) azad etmək olduğunu göstərdi.
Bolşeviklərin Türkistan xalqlarına təzyiqinə qarşı çıxaraq yerli Basmaçı hərəkatına qoşuldu və azadlıq mübarizəsinə rəhbərlik etdi. Qeyri-bərabər şəraitə və resurs çatışmazlığına baxmayaraq, son ana qədər mübarizə apardı.
1922-ci il avqustun 4-də, Qurban bayramı günündə Tacikistanın Balcuan vilayətində (Buxara yaxınlığı) Bolşevik Qırmızı Ordusu ilə döyüşdə Ənvər Paşa qəhrəmancasına şəhid oldu.
Ənvər Paşa – xətaları və zəfərləri ilə, böyük xəyalları və faciəvi sonluğu ilə Türk tarixinin unutmaz simasıdır. Onun ömrü, milləti və Türk dünyasının azadlığı uğrunda fəda edilmiş alovlu bir ruhun hekayəsidir.
Xeyransa İsmayılova


