Güləşçilərimiz Buxarestdən 5 medalla dönüblər
Rumıniyanın paytaxtı Buxarestdə yunan-Roma güləşi üzrə turnir keçirilib. AGF-dən verilən məlumata görə, "Yon Kornionu və Ladislav Simon" turniri kimi tanınan bu yarışda Azərbaycan yığmasının üzvləri də iştirak ediblər. Turnir komandamız üçün uğurlu olub. Belə ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında yarışa qatılan güləşçilərimiz 4-ü qızıl, 1-i bürünc əyarlı olmaqla, 5 medal qazanıblar.
Qızıllar bütün görüşlərini qələbə ilə başa vuran Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanovun (130 kq), yeganə bürünc isə çıxışını üçüncü yerdə bitirən İlkin Qurbanovun (63 kq) aktivinə yazılıb.
Azərbaycan komanda hesabında ikinci yeri tutub.
İNTİQAM Məmmədov


