Gənc güləşçimiz dünya çempionatında yarışacaqlar
16-23 avqust günlərində Slovakiyanın paytaxtı Bratislavada 20 yaşlı (U-20) idmançılar arasında idman güləşi üzrə dünya çempionatı keçiriləcək. Çempionatda Azərbaycan hər üç növdə (yunan-Roma, qadın və sərbəst güləş) təmsil olunacaq. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yunan-Romacilarin çıxışı ilə start götürəcək bu çempionata ölkəmiz 24 (10 yunan-Roma, 4 qadın güləşi, 10 sərbəst güləş) güləşçi ilə qatılacaq.
Qeyd edək ki, yunan-Roma üzrə yığmamız dünya çempionatına böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında qatılacaq.
Heyəti 4 güləşçidən ibarət olan U-20 qadın millisi isə yarışlarda baş məşqçi əvəzi Toğrul Əsgərov və Ağahüseyn Mustafayevin rəhbərliyi altında çıxış edəcək.
Çempionatın son üç günündə mubarizyə qatılacaq sərbəst güləş üzrə yığmamıza isə böyük məşqçi Əşrəf Əliyev, məşqçilər - Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzov başçılıq edəcək.
Çempionatda daha iki həmyerlimiz - Tural Əliyev və Vüqar Şükürov hakimlər arasında yer alacaq.
Yarışın proqramına gəlincə, təsnifat görüşləri hər gün Bakı vaxtı ilə saat 12:00-da, medal qarşılaşmaları isə saat 20:00-da başlanacaq.
İNTİQAM Məmmədov


