Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda tərəvəzçilik və çəltikçilik sahələrinin inkişafı müzakirə edilib

 

Qızılağac kəndində keçirilən zona müşavirəsində aqrar sahədə istehsalın artırılması, suvarma, texnika və maliyyə təminatı məsələləri müzakirə olunub


MASALLI, 25 sentyabr. 


Masallı rayonunun Qızılağac kəndində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində zona müşavirəsi keçirilib.
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir “Masallı rayonunda tərəvəzçilik və çəltikçilik sahələrində görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr olunub. Müşavirəni Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb. O, Dövlət Proqramının aqrar sektorun inkişafı üçün müəyyən etdiyi prioritet istiqamətlərdən danışaraq onların rayonda ardıcıl həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Seymur Nuriyev rayonun kənd təsərrüfatının mövcud vəziyyəti, tərəvəzçilik və çəltikçilik sahələrində görülən işlər və əldə olunan nəticələr barədə məlumat verib. İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara regional bölməsinin rəisi Elvin Nəhmətov isə fermer və sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarından danışıb.
Müşavirədə əkin sahələrinin suvarma suyu ilə təminatı və kənd təsərrüfatı texnikasına çıxış məsələləri də diqqət mərkəzində olub. Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Akif Həmidov suvarma sistemlərinin mövcud vəziyyəti barədə, Aqroservis ASC-nin Masallı-Yardımlı rayon bölməsinin rəhbəri Hikmət Xəlilov isə fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatı ilə bağlı görülən işlər barədə məlumat verib.
Fermerlərin də iştirak etdiyi tədbirdə Qızılağac kəndindən Zamin Abbasov, Ərkivan qəsəbəsindən Aydın Nuraliyev, Xıl kəndindən Nazim İslamov və digər təsərrüfat sahiblərinin fikirləri dinlənilib. Çıxışlarda tərəvəzçilik və çəltikçilik sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, suvarma və texnika təminatının yaxşılaşdırılması, güzəştli maliyyə imkanlarından istifadə, həmçinin məhsulların emalı və satış imkanlarının genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.
Tədbirin sonunda aqrar sahənin inkişafı və fermerlərin qarşılaşdıqları məsələlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb. Bildirilib ki, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramında aqrar məhsulların istehsalı və emalının rəqabətqabiliyyətliliyinin artırılması, intensiv təsərrüfatçılığın genişləndirilməsi, dəyər zəncirlərinin inkişafı və fermerlərin müasir aqrar xidmətlərə çıxışının yaxşılaşdırılması əsas hədəflər sırasında yer alır.

 

Akif AĞAYEV

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111