Bakıda “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” mövzusunda konfrans keçirilib.
+FOTO=32
AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qalibi olan eyniadlı layihə çərçivəsində keçirilən tədbirin əsas məqsədi Türk dünyasının ortaq tarixi və mədəni dəyərləri, Şuşa Bəyannaməsinin yaratdığı strateji əməkdaşlıq mühiti və Türk Dövlətləri Təşkilatının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq olub.
Konfransda Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən qonaqlar, Türk dövlətlərinin Azərbaycandakı diplomatik korpuslaırnın təmsilçiləri, ictimaiyyət nümayəndələri, millət vəkilləri, media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar və Türk dünyasının fəalları iştirak ediblər.
Tədbiri layihə üzrə ekspert, Beynəlxalq “Alaş” Ədəbiyyat Ödülü laureatı Əkbər Qoşalı açaraq layihənin mahiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin adının “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” seçilməsi təsadüfi deyil. Bu il həm Şuşa Bəyannaməsinin imzalanmasının, həm də Türk Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsinin beşinci ildönümü qeyd olunur və layihə bu iki mühüm hadisəni vahid məzmun çərçivəsində birləşdirir.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Türk dünyasının torpaqlarının işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri tədbir iştirakçılarını salamlayaraq konfransa qatıldıqları üçün təşəkkürünü bildirib. O, tədbirin keçirilməsi üçün məkan təqdim edən Gəncliyə Yardım Fonduna və fondun prezidenti Salih Zəki Meriçə minnətdarlığını ifadə edib.
Nadir Azəri layihəyə dəstəyə görə QHT Agentliyinə təşəkkür edib və üç aylıq layihə çərçivəsində bir sıra mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. O, layihə çərçivəsində təşkil olunan rəsm müsabiqəsinin final mərhələsinə keçən əsərlərin Türk dünyasının ortaq ruhunu, dəyərlərini və Turan düşüncəsini əks etdirdiyini bildirib. Qeyd edilib ki, ilkin olaraq 15 finalçının müəyyənləşdirilməsi nəzərdə tutulsa da, təqdim olunan əsərlərin rəngarəngliyi nəzərə alınaraq Təşkilat Komitəsi 21 əsəri finala buraxıb. Seçimin şəffaf keçirildiyini vurğulayan Nadir Azəri finalçılara plaket, sertifikat və simvolik mükafatların təqdim ediləcəyini bildirib.
Nadir Azəri tədbirin 3 oktyabr tarixində keçirilməsinin xüsusi məna daşıdığını da qeyd edib. O xatırladıb ki, 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Günü kimi qeyd olunur.
CASCFEN sədri 3 oktyabrın Azərbaycan üçün digər mühüm tarixi məqamına da diqqət çəkərək 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Valday Diskussiya Klubunun plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fikrini xatırladıb. O, 2020-ci ildə Azərbaycan Ordusunun qazandığı Zəfəri, şəhidlərin qəhrəmanlığını və Vətən müharibəsində əldə edilən tarixi nəticələri ehtiramla yad edib.
Gəncliyə Yardım Fondunun prezidenti Salih Zeki Meriç fondun fəaliyyəti barədə məlumat verib, tədbirə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib və Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələrin bir araya gəlməsinin əhəmiyyətini vurğulayıb.
TDT-yə üzv ölkələrin QHT Platformasının Baş katibi, Milli Məclisin deputatı Azər Allahverənov Türk dünyasında vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib.
Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer də salamlama çıxışı edərək Türk dünyası arasında əlaqələrin inkişafında bu cür platformaların roluna diqqət çəkib.
Konfransın əsas məruzəçisi, ŞKTC-nin Bayraq Radio və Televiziya Qurumunun (BRTK) direktoru Meryem Özkurt Türk dünyasını birləşdirən əsas amillərin ortaq tarix, mədəniyyət və dil olduğunu vurğulayıb. Meryem Özkurt Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə strateji tərəfdaşlığını daha yüksək mərhələyə daşıdığını, Türk Dövlətləri Təşkilatının isə Türk dünyası arasında əməkdaşlığın institusional əsaslarını gücləndirdiyini bildirib. O, KKTC-nin TDT-də müşahidəçi statusunun Kıbrıs türklərinin Türk dünyası ilə əlaqələrinin institusional müstəvidə daha görünən hala gəlməsi baxımından əhəmiyyətini qeyd edib.
BRTK direktoru media sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb. O, Azərbaycan, KKTC və digər türk dövlətlərinin ictimai yayım qurumları arasında birgə sənədli filmlərin, mədəniyyət proqramlarının, jurnalist və prodüser mübadilələrinin, rəqəmsal layihələrin, canlı yayımların və arxiv mübadiləsinin həyata keçirilməsini təklif edib. Meryem Özkurt uzunmüddətli perspektivdə Türk Dünyası Media Əməkdaşlığı Şəbəkəsinin yaradılmasının bu fəaliyyətləri daha sistemli hala gətirə biləcəyini bildirib.
Millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli Türk Dövlətləri Təşkilatının inkişaf edən əməkdaşlıq platforması kimi əhəmiyyətinə diqqət çəkərək Türk dövlətləri arasında əlaqələrin müxtəlif istiqamətlərdə genişləndirilməsinin vacibliyini vurğulayıb.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz Türk dünyasının gələcək birliyində müdafiə və hərbi əməkdaşlığın əhəmiyyətinə toxunaraq təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Millət vəkili Vüqar Rəhimzadə Türk dövlətləri arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.
Özbəkistan Milli Televiziyasının əməkdaşı Dildora Abdullayeva Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi, mədəni və dil yaxınlığına söykəndiyini bildirib. O, Əlişir Nəvai və Nizami Gəncəvi kimi böyük mütəfəkkirlərin irsinin iki xalqı birləşdirən ortaq dəyərlərdən olduğunu qeyd edib. Dildora Abdullayeva Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişafına töhfə verdiklərini vurğulayıb.
Türkiyənin “Yolcu TV” kanalının məsul yazı işləri müdiri İsmail Başaran Türk dünyası arasında münasibətlərin inkişafında medianın strateji roluna diqqət çəkib. O bildirib ki, media yalnız informasiya ötürən vasitə deyil, həm də ictimai təsəvvürlərin formalaşmasına, mədəni dəyərlərin yayılmasına və ortaq yaddaşın qorunmasına xidmət edir.
İsmail Başaran Türk dünyası ölkələrinin media qurumları arasında ortaq xəbər platformalarının yaradılması, jurnalist mübadiləsi, birgə sənədli filmlərin hazırlanması, gənc jurnalistlər üçün təlim proqramlarının təşkili və çoxdilli rəqəmsal platformaların yaradılmasını təklif edib. O, rəqəmsal medianın xüsusilə gənclər arasında Türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan insanların bir-biri ilə daha asan əlaqə qurmasına imkan yaratdığını bildirib.
Tədbirdə çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət Türk dünyasının daha dərin inteqrasiyası sahəində həyata keçirilən işlər barədə məlumat verib.
Daha sonra konfrans iştirakçıları arasında qısa replika çıxışları olub. Hacıbəy Heydərli, Şöhrət Eldəniz, Müşfiq Ələsgərli və Aqil Camal tədbirin mövzusu ətrafında fikirlərini bölüşüblər.
Sonda layihə çərçivəsində keçirilən rəsm müsabiqəsinin finalçıları və fərqlənən iştirakçılar mükafatlandırılıb. Türk dünyasının ortaq dəyərlərini və Turan düşüncəsini əks etdirən əsərlər arasından seçilən 21 finalçıya mükafatlar təqdim olunub.
Bununla yanaşı, çıxışçılara və fərqlənən şəxslərə plaket və diplomlar verilib.
Tədbir iştirakçılar və rəsm müsabiqəsinin qalibləri ilə xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Xeyransa İsmayılova
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



