Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Rənglərdə yaşayan milli ruh":

Tofiq Tağızadənin yaradıcılığına bir baxış

(VİDEO, FOTO=42)

Mədəniyyətlərin dialoqu, xalqların mənəvi yaxınlaşması və incəsənətin sərhədsiz dili bəşəriyyətin ən qiymətli xəzinələrindəndir.

AZpress.AZ xəbər verir ki, bu baxımdan, 14.10.2026-cı il tarixində Misir Ərəb Respublikasının Bakıdakı Səfirliyinin Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzində rəssam Tofiq Tağızadənin "Rənglərdə yaşayan milli ruh" adlı fərdi sərginin keçirilməsi iki ölkə arasındakı mədəni əlaqələrin növbəti parlaq təzahürü və əsl sənət bayramı olmuşdur.

Sərginin açılış mərasimində çıxış edən Misir Ərəb Respublikasının Bakıdakı Səfirliyinin Təhsil və Mədəniyyət Əlaqələri Mərkəzinin direktoru Prof.Dr. Tarek Mohammad Aboul Fotouh tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycan ilə Misir arasında qədim tarixi köklərə bağlanan mədəni əlaqələrin bu cür layihələrlə daha da dərinləşdiyini vurğuladı. O, rəssam Tofiq Tağızadəyə və sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək, mərkəzin hər zaman dost xalqların incəsənət nümayəndələrinə, eləcə də yaradıcı şəxslərə qucaq açmağa və mədəniyyətlərarası dialoqu dəstəkləməyə hazır olduğunu qeyd etdi.

Sərginin adı rəssamın yaradıcılıq kredosunu və əsərlərinin əsas leytmotivini çox dəqiq əks etdirir. Tofiq Tağızadənin kətan üzərinə köçürdüyü hər bir fırça zərbəsi, hər bir rəng çaları sadəcə estetik gözəllik deyil, həm də əsrlərin süzgəcindən keçmiş milli kimliyin, adət-ənənələrin və dərin fəlsəfi düşüncələrin vizual təcəssümüdür. Onun əsərlərində xalqımızın tarixi yaddaşı, təbiətin ilkin saflığı və milli ruhun əzəməti hiss olunur. Rəssam rənglərin dili ilə tamaşaçını sanki daxili bir səyahətə çıxarır, onu milli köklərə bağlılıq hissi ilə zənginləşdirir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov rəssam Tofiq Tağızadənin yaradıcılığını yüksək qiymətləndirərək, milli ruhun və adət-ənənələrin rənglərin dili ilə belə yüksək səviyyədə təbliğinin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd etdi və sərginin təşkilatçılarına təşəkkürünü bildirdi.

Tədbir rəsmi və bədii hissə ilə yanaşı, unudulmaz anlarla yadda qaldı. Sərginin açılışında səsləndirilən canlı musiqi nömrəsi tədbirə xüsusi abu-hava və ruh yüksəkliyi qatdı. Musiqinin ecazkar sədaları altında qonaqlar əsərləri daha dərin duyğularla seyr edərək, incəsənətin müxtəlif sahələrinin necə bir-birini tamamladığının şahidi oldular.

Tədbirdə çıxış edən görkəmli mesenat Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva Azərbaycanın tarixi şəxsiyyətlərinin, xeyriyyəçilik ənənələrinin və milli irsin bu cür sənət tədbirlərində yad edilməsinin qürurverici olduğunu bildirdi. O, rəssam Tofiq Tağızadənin əsərlərində əksini tapan milli ruhun gələcək nəsillərə ötürülməsində belə sərgilərin müstəsna əhəmiyyət daşıdığını qeyd edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Tədbirdə həmçinin rəssam Tofiq Tağızadənin yaradıcılığının ictimaiyyətə tanıdılmasında və istedadının dəyərləndirilməsində mühüm xidmətləri olan İlahə Nuriyeva çıxış etdi. O, rəssamın sənət yolundan, əsərlərindəki dərin məzmundan və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasındakı rolundan danışaraq, bu cür sərgilərin sənətkarın yaradıcılıq coğrafiyasının genişlənməsində əhəmiyyətli olduğunu vurğuladı.

Tədbirin sonunda rəssam Tofiq Tağızadəyə və sərginin ərsəyə gəlməsində əməyi olan, tədbirin uğurla keçməsinə töhfə verən bir sıra qonaqlara xüsusi sertifikatlar təqdim olundu. Bu xoş an tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və xatirə şəkilləri çəkdirildi.

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi kimi qədim və zəngin ənənələri olan bir ocaqda Azərbaycanın istedadlı rəssamının sərgisinin təşkili simvolik məna daşıyır. Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən Azərbaycanın incəsənət nümunələrinin qədim Misir torpağının zəngin irsini xatırladan bu mərkəzdə nümayiş etdirilməsi mədəniyyətlərarası körpülərin möhkəmlənməsinə xidmət edir. Sərgiyə gələn ziyarətçilər – müxtəlif xalqların nümayəndələri, sənətsevərlər və diplomatlar Tofiq Tağızadənin yaradıcılığı vasitəsilə Azərbaycanın zəngin ruhunu, rənglərin dili ilə danışan ecazkar dünyasını kəşf etmək imkanı qazandılar.

"Rənglərdə yaşayan milli ruh" sərgisi bir daha sübut etdi ki, həqiqi sənət tərcüməçiyə ehtiyac duymadan birbaşa insan qəlbinə yol tapır. Tofiq Tağızadənin əsərləri milli xüsusiyyətləri qoruyub saxlamaqla yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir. Bu cür tədbirlər xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır, qarşılıqlı hörmət və dostluq münasibətlərini incəsənətin qüdrəti ilə daha da gücləndirir.

Müxbir: Xeyransa İsmayılova,

Fotomüxbir: Mahir Əhmədov

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111


https://youtu.be/n3dRHlX5-EI