Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

İlhamə MƏHƏMMƏDQIZI:
Qələmin işığına bürünən ömür

Uzun illərdir tanıdığım, jurnalist-publisist, sadə və təvazökar baş redaktorumuz Sübhan Qafar oğlu Quliyevin ömür yolu bir kitabı xatırladır. Bu kitabın adı belə səslənir: sözə əmək sərf edən insan.
1956-cı ilin oktyabrında Tovuz rayonunun Böyük Qışlaq Sovetliyinin Göyəbaxan kəndində dünyaya göz açan həmkarımız həyatının ilk illərindən zəhmətin, sadəliyin, torpağa və el-obaya bağlılığın nə demək olduğunu görüb. Kənd mühiti insana yalnız uşaqlıq xatirələri vermir. O mühit həm də xarakter formalaşdırır, insana halal əməyin qədrini bilməyi, zəhmətə hörmət etməyi, sadə insanların böyük dünyasını görməyi öyrədir.
Bəlkə də sonralar onun publisistikasında insanlara, xüsusilə zəhmət adamlarına, doğma yurda və şəhərə olan diqqətin kökündə məhz həmin illərin yaddaşı dayanıb.
1973-cü ildə gənc oğlanın həyatında yeni bir mərhələ başlanır. O, Sumqayıta gəlir. Həmin illərin Sumqayıtı sürətlə inkişaf edən, sənaye nəfəsi ilə yaşayan, minlərlə insanın taleyini özündə birləşdirən şəhər idi. Qarşısında isə böyük bir həyat yolu açılırdı.
Əmək fəaliyyətinə “Üzvi Sintez” zavodunda başlayan cavan mütəxəssis istehsalatın ağır və məsuliyyətli mühitində çalışmaqla yanaşı, təhsil almağı da qarşısına məqsəd qoyur. İstehsalatdan ayrılmadan əvvəl Sumqayıt Kimya Texnologiya Texnikumunda, daha sonra isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır.
Bu məqam onun xarakterinin mühüm cəhətlərindən birini göstərir: öyrənməkdən və öz üzərində işləməkdən yorulmamaq.
Jurnalistika onun üçün təsadüfi seçilmiş peşə olmayıb. Bu sənətə gəlmək üçün əvvəlcə istehsalatın içindən keçib, həyatın müxtəlif insanlarını, müxtəlif talelərini görüb. Bəlkə də elə buna görə onun jurnalist baxışında həyatın özünə yaxınlıq, insanlara doğmalıq var.
Mətbuat aləminə ilk addımlarını çoxtirajlı “Sintez” qəzetində müxbir kimi atan redaktorumuz sonralar öz yaradıcılıq yolunu daha böyük məsuliyyətlə davam etdirib. 1991-ci illər idi. “Üzvi Sintez” zavodunda çıxan çoxtirajlı “Sintez” qəzetində müxbir işləyirdi. Həmin dövrdə onu “Sumqayıt” qəzeti redaksiyasına dəvət edirlər. Deyirlər ki, qəzetdə ştatlardan biri boşdur. Bu vəzifəyə məsləhət bilirik. Çünki uzun illər bu kollektivlə əməkdaşlıq edirdi. Dəst-xəttinə bələdlikləri var idi. Həmin vaxtdan taleyi “Sumqayıt” qəzeti ilə bağlanıb. O ərəfədə isə mən “Sintez” qəzetində Sübhan müəllimin işini davam etdirməli oldum. Qismət elə gətirdi ki, hazırda onunla eyni redaksiyada çiyin-çiyinə çalışıram.
Artıq uzun illərdir ki, “Sumqayıt” qəzeti bizim üçün sadəcə iş yeri deyil, yaradıcılıq ünvanı, söz məbədi, şəhərimizin gündəlik salnaməsini yazdığı bir mətbuat ocağıdır.
Bu gün baş redaktor olmaq yalnız qəzetin başında dayanmaq deyil. Bu, sözə cavabdehlik, hər yazının, hər cümlənin məsuliyyətini daşımaq, jurnalistin əməyinə qiymət vermək, oxucu qarşısında etimadı qorumaq deməkdir. O, bu vəzifəsinin öhdəsindən bacarqıla gəlir.
Jurnalist ömrünün 45 ildən artıq bir dövrü mətbuatla bağlayan publisist üçün sadəcə illərin çoxluğu məna kəsb etmir. Bu rəqəmin arxasında minlərlə yazı, saysız-hesabsız görüşlər, müxtəlif insan taleləri, gecə-gündüz görülən redaksiya işləri, söz üzərində düşünülən saatlar dayanır.
Jurnalistin qələmi bəzən bir şəhərin yaddaşına çevrilir. Onun qələmi də illər ərzində Sumqayıtın həyatına şahidlik edib. Şəhərin inkişafı, insanları, zəhmət adamları, gündəlik qayğıları və uğurları onun yazılarında öz əksini tapıb.
Təcrübəli publisist Sumqayıtı yalnız inzibati ərazi kimi deyil, insanların taleyinin qovuşduğu böyük bir şəhər kimi görüb. Bu şəhərdə yaşayan, çalışan, yaradan insanların həyatını yazıya gətirib. Elə buna görə onun Sumqayıt və sumqayıtlılar haqqında qələmə aldığı kitablar təkcə publisistik nümunələr deyil, müəyyən mənada şəhərin yaddaşına çevrilən salnamə səhifələridir.
Jurnalist üçün ən böyük sərvətlərdən biri arxada qoyduğu söz xəzinəsidir. Zaman ötür, qəzet nömrələri saralır, hadisələr tarixə çevrilir, insanlar dəyişir. Amma yaxşı yazılmış söz yaşayır. Çünki söz insan yaddaşının ən etibarlı ünvanlarından biridir.
Qələm dostumuz da ömrünün böyük hissəsini məhz bu etibarlı ünvana - mətbuata həsr edib.
Onun işinə tələbkar və məsuliyyətli olması da xüsusilə diqqət çəkir. Bu keyfiyyət jurnalist üçün bəlkə də ən vacib mənəvi meyarlardan biridir. Çünki qəzetdə bir cümlənin belə öz məsuliyyəti var. Yazılan hər söz oxucunun qarşısına çıxır və jurnalist həmin sözün arxasında dayanır.
Əməyinə verilən dəyərlər də az deyil. “Tərəqqi” medalı, “Qızıl qələm” mükafatı və Həsən bəy Zərdabi diplomu uzun illər davam edən jurnalist fəaliyyətinin ictimai çəki ifadəsidir. Bu təltiflərin hər biri bir ömür yolunun ayrı-ayrı məqamlarını tamamlayır. Lakin jurnalistin ən böyük mükafatı, şübhəsiz, oxucunun etimadıdır. Yazdığı yazının oxunması, fikrinin qəbul edilməsi, adının yadda qalmasıdır.
Dəyərli qələm sahibi Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi jurnalistikanın ictimai həyatındakı yerini də qoruyub saxlayır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Amma onun həyatının əsas xətti bütün bunlardan əvvəl və daha çox əmək adamının, söz adamının, ailə başçısının ömrüdür.
Çünki insanı yalnız iş yeri, vəzifəsi və təltifləri ilə ölçmək mümkün deyil.
Onun ömrünə nəzər salanda bir daha görürsən ki, jurnalistika yalnız peşə deyil. Bu sənətə illərini verən insan üçün o, həyat tərzinə çevrilir. Səhər açılan kimi qəzetin qayğıları, yazılacaq yazılar, oxunacaq materiallar, görüşüləcək insanlar düşünülür. İllər belə keçir. Bir gün insan dönüb arxaya baxanda görür ki, ömrünün ən böyük hissəsi qələmlə yoldaşlıq olub.
Və qələm heç vaxt adi yoldaş olmur.
O, insanın düşüncələrini qoruyur, yaddaşını yaşadır, gördüklərini gələcək nəsillərə çatdırır.
Bəli, bu fədakar insan ömrünün böyük bir hissəsini sözə və mətbuata həsr edib. Qarabağ həsrəti, Vətən müharibəsi, Sumqayıtın həyatı, sumqayıtlıların taleyi barədə yazıları mükəmməl qələmə alıb. Qəzet səhifələrində, kitablarda, oxucu yaddaşında və yetişdirdiyi jurnalist mühitində iz qoyub. Bu iz onun ən böyük mənəvi sərvətidir.
Ailə faciəsi görmüş bir insanın əsl portreti isə onun doğmalarına münasibətində, oğul övladının və nəvələrinin gözündə tamamlanır.

Yubiley isə yalnız yaşın tamamlanması deyil. Bu, insanın keçdiyi yolun bir anlıq dayanıb dəyərləndirilməsidir. Həmkarımızın keçdiyi yol isə zəhmətlə yoğrulmuş, sözlə bəzənmiş, məsuliyyət və sadəliklə müşayiət olunmuş bir ömür yoludur.
Qələmi daim iti, sözü həmişə dəyərli, ürəyi doğmalarının sevgisi ilə işıqlı olsun!
Qoy bundan sonrakı illər də onun üçün yeni yazıların, yeni kitabların, yeni uğurların və ən başlıcası, ailəsi ilə birlikdə yaşadığı xoşbəxt günlərin davamı olsun.
Çünki sözə xidmət edən ömürlər yalnız yaşanmır, həm də yazılır və yadda qalır.

İlhamə MƏHƏMMƏDQIZI

 

++++++++++++++++++++   D İ Q Q Ə T :    ++++++++++++++++++++++

Tədbirlərinizin  ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ  sifarişlər qəbul olunur:

əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111