Sevinc ƏDALƏTQIZI:
ÖMRÜN İLMƏ-İLMƏ NAXIŞLARI -
Xalq rəssamı Kamil Əliyev-105
İlmə-ilmə naxışların sehrində ömrünü xalçaçılıq sənətinin inkişafına həsr edən görkəmli rəssam Kamil Əliyevin tətbiqi incəsənət xəzinəmizdə qoyub getdiyi izlər dərin və unudulmazdır. Böyük sənətkarı anadan olmasının 105-ci ildönümündə sonsuz hörmət və ehtiramla yad edirik.
90-cı illərin ortaları idi, cəmi 9 yaşım vardı. Bibim “Azərxalça”Elmi Yaradıcılıq İstehsalat Birliyinin baş idarəsində işlədiyindən tez-tez məni dərsdən götürüb öz iş yerinə aparardı. Həmin o mehriban kollektivi, göstərilən səmimiyyəti bu gün də yaxşı xatırlayıram. Məni hər zaman gülərüzlə qarşılayar, danışdırardılar. Mən də həmin vaxtlar yenicə yazdığım şeirlərimi idarədəki çap maşınında yığmağı çox sevərdim. Hər dəfə dərsdən çıxanda o məkana getməyə tələsərdim...
Xalçaçılıq sənətinə mənim də uşaqlıqdan böyük marağım olub. Bu həvəs əslində bizə nəsildən-nəslə keçən, genimizdən gələn doğma bir duyğudur. Hələ uşaqkən özüm üçün kiçik, sadə ilmələr vurmağı çox sevər, nənəmin öyrətdikləri naxışların sehrinə düşərək ilk sınaqlarımı beləcə keçirmişdim.Bir halda ki, üz tutduğun ünvan həm sənətkar, həm də bir şəxsiyyət kimi yüksək keyfiyyətlərə malik görkəmli tətbiqi incəsənət ustasına məxsus ola, əsla qürurlanmamaq mümkün deyildi. Xalq rəssamı Kamil Əliyevin rəhbərlik etdiyi o ocağın, “Azərxalça”nın yaddaş tarixçəsində mənim də belə unudulmaz, xoş təəssüratlarım var.Ancaq bu təəssüratlar öz yerində... Əslində, bu yazıda əsas niyyətim bibimin xatirələrinə sığınmaqdır – unudulmaz sənətkar, Xalq rəssamı Kamil müəllimin işıqlı xatirəsinə dərin ehtiram əlaməti olaraq.
Görkəmli Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanın qədim İrəvan şəhərində anadan olmuşdur. Qürurvericidir ki, ustad sənətkar bizim həm də doğma həmyerlimizdir. Hələ 3 yaşı olarkən ailəsi ilə birgə Türkiyənin Qars şəhərinə köçkün düşsələr də, Vətən sevgisi onları rahat buraxmamış, yenidən öz doğma torpaqlarına dönmüşlər. Cəmi 11 yaşında atasını itirən Kamil müəllim gənc yaşlarındançətinliklərlə üzləşsə də, sənətə olan həvəsi onu irəli aparmışdır. Yeniyetməlik illərindən etibarən onun həyatı və tale yolu Bakı ilə bağlanmışdır.
Xalça sənətinə olan ilk marağı ona məhz doğma ocağında — anası Xanımdan və nənəsi Gülsümdən miras qalmışdır. İrəvan mühitinin zəngin milli ruhunda böyüyən gənc Kamil ilk ilmələri məhz onların yanında öyrənmiş, xalçaya olan sonsuz sevgisini uşaq yaşlarından qəlbinə sığdırmışdı. 1936-cı ilin sentyabrında anası onu Bakı Rəssamlıq Məktəbinə tanınmış rəssam Əzim Əzimzadənin sinfinə yazdırmışdır. Burada təhsil alarkən görkəmli xalçaçı-rəssam Lətif Kərimovla tanış olmuşdur. Lətif Kərimov onun tətbiqi incəsənət sahəsində böyük hamisi və dayağı idi. Yaradıcılığında qədim Təbriz xalçaçılıq məktəbindən dərindən təsirlənən Kamil müəllim Azərbaycan süjetli və portret xalça sənətinin banilərindən birinə çevrilmişdir.Onun ərsəyə gətirdiyi ilk tətbiqi sənət əsəri 1958-ci ildə — 36 yaşında toxuduğu dahi Məhəmməd Füzulinin xatirəsinə həsr edilmiş portret xalçası olmuşdur.
Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Kamil müəllim Nizami Gəncəvi, İmadəddin Nəsimi kimi dahi şairlərin, eləcə də Mustafa Kamal Atatürk, Süleyman Dəmirəl,TurqutÖzal, Heydər Əliyev, İlham Əliyev kimi tanınmış dünya və dövlət xadimlərinin obrazlarını xalça üzərində yüksək sənətkarlıqla əbədiləşdirmişdir.
Azərbaycan xalçaçılıq sənətində heç bir rəssam Kamil Əliyev qədər gərgin, məhsuldar və fasiləsiz çalışmamışdır. O, sənətinin hədsiz dərəcədə vurğunu, gecəli-gündüzlü çalışan bir fədakar idi. Bu ilhamın, bu sənət sevgisinin kəsişdiyi ən kövrək məqam isə onun anasına olan sonsuz bağlılığı idi. Kamil müəllim anasına hədsiz dərəcədə çox bağlı bir övlad olmuşdur. Ömrünün sonuna cəmi bir il qalmış anasının xalça üzərində portretini hazırlayan ustad sənətkar sanki hər gün bu portretlə canlı insan kimi danışır, onunla dərdləşirdi. İlmələrə köçürülən bu ana sevgisi onun sənətinin ən kövrək, ən müqəddəs zirvəsi idi.
Uzun illər "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyinə rəhbərlik edən sənətkarın əsərləri dünyanın nüfuzlu muzeylərində nümayiş etdirilmişdir. Kamil Əliyev 2005-ci il martın 1-də Bakıda dünyasını dəyişmişdir. Məzarı Fəxri Xiyabandadır.
İndi isə sözü Elnarə xanıma verək:
“Mən 1995-ci ilin mart ayından “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Səbail rayonunda yerləşən baş idarəsinin mühasibatlıq şöbəsində haqq-hesab üzrə mühasib vəzifəsində çalışmağa başlamışam.Görkəmli xalçaçı-rəssam Kamil müəllim məhz xalça sənətinə olan sonsuz bağlılığı və peşəkarlığı sayəsində 1995-ci ilin yay aylarında bu quruma direktor vəzifəsinə təyin olundu.
Mən ixtisasca mühasib olsam da, xalçaçılıq sənətinə çox böyük marağım olub. Xalça toxumaq mənim ən sevimli məşğuliyyətim olmaqla yanaşı, mənə irsən nənələrimdən və anamdan keçmişdi. Yunun əyrilməsindən tutmuş boyanmasına kimi, xalçanın dəzgahının qurulma qaydasını, iplərin necə toxunub kəsildiyini ətraflı bilirəm. Hətta hər bir ornamentin xalça üzərində daşıdığı mənaya da dərindən bələdəm.Uşaqlıqdan bu sənətə olan marağım sonralar elə təsadüfən mənim həyat yolumda məhz bu ocaqla çarpazlaşdı.
İşlədiyim illərdə məzuniyyət aylarında da birliyimizin tabeliyində olan xalça sexinə gedər, vaxtımı orada keçirərdim. Sexdə toxucularla tanış olar, onlardan nəsə öyrənər və özüm də xalça toxuyardım. Məhz o illərdə xalçaçılıq sənətinin sirlərinə dərindən yiyələnmişəm, eskizlərin çəkilməsini çox yaxşı mənimsəmişəm.
“Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində çox səmimi, mehriban kollektivimiz var idi. Kollektivimizdə yaşlı insanlar da az deyildi. Gənc olmağımıza baxmayaraq, onlar bizə ata, ana, bacı, qardaş qayğısı göstərər, hər zaman diqqət yetirərdilər. Hələ də o kollektivi böyük nostalji və xoş xatirələrlə xatırlayıram. Biz hər çətin işimizdə bir-birimizə dəstək olardıq. Təkcə iş yoldaşı deyil, rəhbərlikdən tutmuş xadiməyə, ən sadə işçiyə qədər sanki böyük bir ailə idik.
Xalq rəssamı Kamil müəllim çox gözəl rəhbər, olduqca qayğıkeş, son dərəcə diqqətcil insan idi. İşçilərin hər bir halını, məişət vəziyyətini, ümumilikdə maddi ehtiyacını nəzərə alardı. Maaşdan əlavə, hər ay şəxsi büdcəsindən işçilərə dəstək olar, hər kəsə böyük diqqətlə yanaşardı. Kamil müəllim həm də çox gözəl ailə başçısı, əsl ata idi. Onun çox səmimi, mehriban ailəsi var idi. Həyat yoldaşı Ramizə xanım da çox sadə və nəcib qadın idi. Kamil müəllimin üç övladı – bir oğlu, iki qızı olub. “Azərxalça”nınİçərişəhərdə satış mağazası fəaliyyət göstərirdi və oğlu Cavanşir bəy də orada işləyirdi. Qızlarından biri – Nərminə xanım atası kimi xalçaçı-rəssam idi. O da bizim baş idarədə rəssam işləyirdi. Nərminə xanım o qədər mehriban, sadə insan idi ki, heç vaxt özünü bizdən üstün tutmazdı. Yeri gələndə biz işçilərlə söhbətləşər, hətta şəxsi məsələlərində belə bizimlə məsləhətləşərdi.
İdarəmizin rəssamlar otağında Nərminə xanımla yanaşı digər gənc rəssam xanımlar da çalışırdı. Mən onlardan da məlumat toplayır, xalça eskizləri ilə dərindən maraqlanırdım. Nahar fasiləsi zamanı tez-tez Nərminə xanımın yanına gedər, eskizlərlə yaxından maraqlanar, ondan nəsə öyrənməyə çalışardım. O da həvəslə mənə eskizlərin incəliklərini öyrədərdi. Bir dəfə isə elə oldu ki, Kamil müəllim gəlib birbaşa işin üstünə çıxdı. O, ciddi tərzdə xəbərdarlıq edərək bildirdi ki, hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Bu ciddi xəbərdarlıqdan sonra Nərminə xanımla bir-birimizə baxaraq güldük və hərəmiz sakitcə öz yerimizə çəkildik.
Kamil müəllimi tez-tez tanınmış şəxslər, dövlət xadimləri ziyarətə gələrdilər. Onların arasında din xadimimiz Allahşükür Paşazadəni, Xalq artisti Mirzə Babayevi xüsusi qeyd etmək olar. Xüsusilə Mirzə Babayevlə Kamil müəllim arasında çox səmimi, isti münasibət var idi.
Kamil müəllim istər toxuculara, istərsə də fəhlələrə qarşı hər zaman diqqət və qayğı ilə davranırdı. Tez-tez sexlərə baş çəkər, toxucuların əl işlərinə baxar, məhsulların keyfiyyəti ilə maraqlanardı. Azərbaycanın bir çox bölgələrində olduğu kimi, o zamanlar doğma Qarabağımızda və işğala məruz qalmış digər ərazilərimizdə də “Azərxalça”nın sexləri fəaliyyət göstərirdi. Məcburi köçkünlük illərində həmin sexlərin işi dərhal digər bölgələrimizə və Bakı kəndlərinə yönləndirildi, beləliklə, xalçaçılıq ənənəmiz heç bir gün də olsa dayanmadı.Kamil müəllim hər zaman köçkünlərin vəziyyəti ilə maraqlanır, onlara yardım əlini uzadırdı.
Kamil müəllimin xüsusi emalatxanası var idi. Orada portretlər toxunardı. Azərbaycana gələn rəsmi qonaqlara dövlət başçısı tərəfindən hədiyyələr təqdim olunardı. İstər hər hansı bir tanınmış şəxs, istərsə də ictimai xadim olsun – dövlət tərəfindən sifariş gələndə Kamil müəllim həmin portretlərin eskizini çəkər, toxucular da böyük məharətlə onları ərsəyə gətirərdilər. Toxunan portretlərdə o qədər canlı rənglər və incə cizgilər əks olunurdu ki, elə bil portretə deyil, insanın özünə baxırdın. Kamil müəllim insan simasının cizgilərini o qədər dəqiq və gözəl əks etdirirdi ki, toxucu xanımlar da onları eynilə toxuyub sanki canlı insan obrazı yaradardılar.
90-cı illərdə görkəmli şairlərimiz Nizami Gəncəvinin və Məhəmməd Füzulinin yubileyi münasibətilə dövlət başçısının sifarişi ilə həmin şairlərin portretlərini də məhz Kamil müəllim hazırlamışdı. Portretlər hazır olandan sonra o, idarənin bütün işçilərini emalatxanaya dəvət edər, biz də böyük maraqla həmin əsərlərlə tanış olardıq. Həmin günlərdə Kamil müəllimin həyat yoldaşı Ramizə xanım bizə emalatxanada ləziz şirniyyatlarlabərabər çox gözəl çay süfrəsi açardı. Bu gözəl ənənə hər dəfə təkrar olunardı.
Xüsusi bayramlarda da Kamil müəllim heç vaxt bizi yaddan çıxarmaz, nahar fasiləsində idarədə bir süfrə arxasında toplaşmağımıza şərait yaradardı. Biz də bayramları onunla birlikdə çox gözəl qeyd edərdik.
İndiki kompyüter dövründən fərqli olaraq, o illərdə biz bütün sənədlərlə kağız üzərində işləyərdik. İşçilərin əməkhaqqını dəqiqliklə hesablayar, toxuduqları məhsulun keyfiyyətini və buna uyğun qazancını onlara ətraflı izah edərdik. Bu işlərin hamısı böyük səbr və vaxt tələb edirdi. Lakin heç bir toxucu öz işindən narazı qalmazdı. Hər bir işçi rahatlıqla Kamil müəllimin qəbuluna gedə və ürək sözünü deyə bilirdi.Məhz bu nəcib keyfiyyətlərinə, insanpərvərliyinə görə də kollektivdə hər kəs Kamil müəllimi çox istəyir, ona sonsuz hörmət bəsləyirdi. O, hər birimizin yaddaşında xeyirxah, qayğıkeş və böyük ürək sahibi kimi əbədi yaşayır.Belə böyük sənətkarların və nəcib insanların həyat yolu gənc nəsil üçün əsl örnəkdir. Allah Kamil müəllimə rəhmət eləsin. Ruhu şad olsun!”
Kamil müəllimin Fəxri Xiyabandakı məzarını bibim Elnarə xanımla birlikdə ziyarət edərək, onun əziz xatirəsini fəxr və minnətdarlıq hissi ilə anmağı özümüzə sonsuz şərəf borcu bildik. Məzar ziyarətindən sonra böyük sənətkarın xatirə muzeyində olduq. Muzeydəki fərqli ab-hava Kamil müəllimin xüsusi fantaziyasının məhsulu sayılan özünəməxsus təbii rənglər dünyası insana ruhən dinclik, könül fərəhliyi bəxş edir. Bura sadəcə bir eksponat məkanı deyil, ustadın ruhunun, sənət dünyasının canlı nəfəs aldığı müqəddəs bir ocaqdır.Ustad sənətkarın qızı, atasının yolunu layiqincə davam etdirən muzeyin direktoru Nərminə xanımın bizi böyük səmimiyyət və qonaqpərvərliklə qarşılaması qəlbimizi sonsuz isti duyğularla doldurdu. Kamil müəllimin işıqlı ocağının belə qayğıkeş bir insan tərəfindənyaşadılması və bu məkanda onun irsinin qorunması bizi çox qürurlandırdı.
Kamil Əliyev şəxsiyyəti və onun zəngin irsi, rəngarəng sənət dünyasında etdiyi əvəzsiz xidmətləri illər ötdükcə daima yaşayacaq və minnətdarlıqla xatırlanacaq.
Məzarı nurla dolsun!
Sevinc ƏDALƏTQIZI
++++++++++++++++++++ D İ Q Q Ə T : ++++++++++++++++++++++
Tədbirlərinizin ViDEO+FOTO ÇƏKİLİŞLƏRİNƏ sifarişlər qəbul olunur:
əlaqə: WhatsApp- 010 528 3406, 050 331 1111
.jpg)



