"Sabah" BK ilk qələbəsini qazanıb
Oktyabrın 27-də kişi basketbol klublarının çıxış etdiyi FİBA Çempionlar liqasının qrup mərhələsində sayca üçüncü olan növbəti turun oyunları keçirilib. Bu turnirdə ölkəmizi təmsil edən "Sabah" BK hesabat turu çərçivəsində Fransanın "Nanterre 92" klubunu qəbul edib. Milli Gimnastika Arenasında baş tutan və gərgin mübarizə şəraitində keçən görüş çempionumuzun 7 xal fərqli qələbəsi ilə bitib - 87:80 (23:21, 26:19, 20:22, 18:18). Bu "Sabah"ın qrup mərhələsində ilk qələbəsi olub. Çempionumuz növbəti matçını Türkiyənin "Tranzonspor" klubuna qarşı keçirəcək. Həmin oyun noyabrın 10-da yenə də Milli Gimnastika Arenasında baş tutacaq.
Yeri gəlmişkən, oktyabrın 28-də isə FİBA Avropa Kubokunun qrup oyunları çərçivəsində növbəti turun oyunları keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edən "Neftçi" və "Landai Lions" klubu hesabat turunda müvafiq olaraq "CSM CSU Raiffeisen Orade" (Rumıniya) və "Yukatel Denizli Basket" (Türkiyə) klubunu qəbul edəcək. Hər iki oyun Bakı İdman Sarayında keçiriləcək. Saat 17:00-da "Neftçi", saat 20:30-da isə "Landau Lions" meydana çıxacaq.
İNTİQAM Məmmədov



