Ağcabədidə Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü qeyd edilib +FOTO=23
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, 30 oktyabrda Ağcabədidə Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü qeyd edilib
1 noyabr – Kənd Təsərrüfatı İşçilərinin peşə bayramı günü münasibətilə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aqrar sahədə səmərəli fəaliyyətləri ilə fərqlənən bir qrup əməkdaş fəxri fərmanla təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2008-ci il tarixli Fərmanına əsasən təsis edilən bu əlamətdar gün ölkəmizdə kənd təsərrüfatının inkişafına töhfə verən, torpağın becərilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində çalışan insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu aqrar inkişaf siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Torpaq islahatlarının həyata keçirilməsi, fermerlərə dövlət dəstəyinin genişləndirilməsi, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi və aqrar istehsalın təşviqi kənd təsərrüfatının inkişafına mühüm töhfə verir.
Aqrar potensialı, münbit torpaqları və zəngin təsərrüfat ənənələri ilə seçilən Ağcabədi rayonunda da kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması və fermerlərin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər həyata keçirilir. Pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq və digər kənd təsərrüfatı sahələri rayonun iqtisadi həyatında mühüm yer tutur.
Peşə bayramı münasibətilə aqrar sahədə səmərəli fəaliyyətlərinə görə Mürşüdlü Bədəl Nadir oğlu, Mehdiyev Ceyhun Eyvaz oğlu, Mehdiyev Azər Əli oğlu, Atamoğlanzadə Xəzər Atamoğlan oğlu və Nəcəfova İntizar Zalan qızı Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif ediliblər.
Fəxri fərmanla təltif olunan əməkdaşları peşə bayramı münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq. Aqrar sahədə çalışan bütün zəhmətkeşlərin əməyi rayonun kənd təsərrüfatı potensialının gücləndirilməsində və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.



