İşğaldan sonra övladlığa götürülənlərə məcburi köçkün statusu veriləcək
Sakini olduğu rayonun işğalından sonra məcburi köçkün statusu olan şəxs tərəfindən övladlığa götürülən və bu statusu olmayan şəxslərə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə veriləcək.
AZpress.AZ xəbər verir ki, bu dəyişiklik “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarında nəzərdə tutulub.
Status almaq istəyən şəxs əvvəlcə müvəqqəti yaşayış yeri üzrə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional orqanında və ya yerli bölməsində qeydiyyatdan keçməlidir. Daha sonra imzaladığı ərizəni və tələb olunan sənədləri elektron və ya kağız formada təqdim edə bilər.
Şəxs özü müraciət edə bilmədikdə, ərizəni və sənədləri onun adından səlahiyyətli nümayəndəsi təqdim edə bilər. Regional orqan və ya yerli bölmə müraciəti sənədlərlə birlikdə 7 iş günü ərzində Dövlət Komitəsinə göndərməlidir.



