ETİHİ Ağcabədi Rayon Komitəsi Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə tədbir keçirib +FOTO=18
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin təşkilatçılığı ilə Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya və radio işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Ağcabədidə fəaliyyət göstərən "Aran Yolu" MMC-nin nəzdindəki "Aran Ağcabədi" internet televiziyasının kollektivi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin sədri və digər əməkdaşlar iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsi ziyarət olunub, önünə təzə çiçəklər düzülüb. Daha sonra rayondakı Gənclər Mərkəzində çay süfrəsi arxasında davam edən görüşdə komitənin sədri Arzu Niftəliyeva çıxış edərək "Aran Ağcabədi" internet televiziyasının Ağcabədinin ictimai-siyasi və mədəni həyatının işıqlandırılmasında çox böyük rolu olduğunu vurğulayıb. O bildirib ki, televiziya tərəfindən hazırlanan araşdırma və maarifləndirici verilişlərin böyük əhəmiyyəti var. Belə verilişlər təkcə rayon ərazisində yox, rayondan kənarda, həmçinin xaricdə yaşayan həmvətənlərimiz tərəfindən böyük rəğbətlə izlənilir. Sədr jurnalistlərə fəaliyyətlərində bol uğurlar arzulayıb.
Daha sonra "Aran Yolu" MMC-nin direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, "Tərəqqi" medallı jurnalist Məhsəti Musa çıxış edərək tədbir təşkilatçılarına minnətdarlığını bildirib. O, rayonda fəaliyyət göstərən televiziyanın həyata keçirdiyi işlərdən və bu uğurların kollektivin gərgin zəhməti sayəsində əldə olunduğundan söz açıb.
Ardınca Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Gündüz Sevindik çıxış edərək televiziyadakı fəaliyyətləri dövründə görülən işlərdən, həmçinin çəkilişlər zamanı baş verən maraqlı hadisələrdən danışıb və bu xatirələr tədbirdə xoş ovqat yaradıb.
Televiziyanın fəaliyyətini diqqətdə saxlayan komitəyə öz minnətdarlığını bildirən jurnalist Rəmziyyə Həsənova onu da qeyd edib ki, noyabr ayında "Aran Ağcabədi" internet televiziyasının yaranmasının da 5 illi tamam olur.
Televiziyanın əməkdaşlarının həm də yaradıcı insanlar olması tədbirin ruhuna xüsusi rəng qatıb. Belə ki, çıxışlar zamanı qələm sahibləri özlərinin və digər şairlərin yaradıcılığından şeirlər səsləndiriblər. Hətta tədbir elə səmimi ab-havaya köklənib ki, komitənin rəhbəri də şeir söyləyənlərin sırasına qoşulub.
Tədbir xoş əhval-ruhiyyə ilə başa çatıb.



