Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

“Dərya” adlı 4D xalça instalyasiyası Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edildi.

Tam FOTO-reportaj üçün, DAXİL OL: https://www.facebook.com/groups/604248139738662/permalink/3556307961199317/
Azərbaycan Milli Xalça Muzeyində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr edilən, rəssam Gülarə Salayeva tərəfindən yaradılmış “Dərya” adlı 4D xalça instalyasiyasının muzeyə hədiyyə təqdim olunması mərasimi keçirilib.
 

Müasir bədii toxuculuq sənətinin fərqli ifadə imkanlarını özündə birləşdirən “Dərya” əsəri 2026-cı ilin may ayında Bakıda, Şirvanşahlar Sarayında keçirilmiş “TOMA” beynəlxalq xalça müsabiqəsində birinci yerə layiq görülüb. Bu mükafat əsərin bədii-estetik xüsusiyyətlərinin, orijinal konseptual yanaşmasının və müasir xalça sənətinə gətirdiyi yeniliyin beynəlxalq səviyyədə qiymətləndirilməsinin göstəricisidir.
Təxminən 50 santimetr enə və 3 metrə yaxın uzunluğa malik olan “Dərya” instalyasiyası ənənəvi xalça sənətinin müasir fəza həlli ilə sintezindən yaranmış özünəməxsus sənət nümunəsidir. Əsər həm texniki həlli, həm də dərin mənəvi-fəlsəfi məzmunu ilə seçilir.
Təqdimat mərasimi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikovanın çıxışı ilə başlayıb. Əminə xanım rəssam Gülarə Salayevanın yaradıcılığı, sənət fəaliyyətinin əsas istiqamətləri və “Dərya” əsərinin bədii-konseptual xüsusiyyətləri haqqında ətraflı məlumat verib. O, əsərin milli xalça sənətinin müasir inkişaf istiqamətlərini əks etdirdiyini və şəhidlərin xatirəsinin yaşadılması baxımından mühüm mənəvi dəyər daşıdığını vurğulayıb.
Daha sonra muzeyin elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova çıxış edərək əsərin sənətşünaslıq baxımından əhəmiyyətinə, ənənəvi xalça sənətinin müasir bədii yanaşmalarla zənginləşdirilməsinə toxunub.
Muzeyin baş fond mühafizəçisi, direktor müavini Mira Məmmədxanova “Dərya” əsərinin muzey kolleksiyasına daxil edilməsinin əhəmiyyətini qeyd edərək, onun həm bədii, həm də mənəvi dəyər daşıyan sənət nümunəsi kimi gələcək nəsillərə ötürüləcəyini bildirib.
Tədbirdə Əməkdar rəssam, professor Məmədhüseyn Hüseynov da çıxış edərək əsərin yaradıcı ideyasını, məkan həllini və müasir xalça sənətindəki bədii yanaşmasını yüksək qiymətləndirib.
Çıxışlardan sonra söz əsərin müəllifi, rəssam Gülarə Salayevaya verilib. Rəssam “Dərya” instalyasiyasının yaranma ideyası, bədii konsepsiyası və yaradılma prosesindən danışıb.
Gülarə Salayeva bildirib ki, əsərin əsas ideyası 44 günlük Vətən müharibəsində Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını sənətin dili ilə ifadə etməkdir. Rəssam əsərin yaranmasında şəhid analarına duyulan dərin hörmət, ehtiram və minnətdarlığın xüsusi yer tutduğunu vurğulayıb. Onun sözlərinə görə, şəhid analarının sonsuz kədəri, mənəvi gücü və müqəddəs fədakarlığı bu sənət əsərinin ideya əsasını təşkil edir.
“Dərya” adı əsərin fəlsəfi məzmununu simvolik şəkildə ifadə edir. Azərbaycan şəhidlərinin qəhrəmanlığı, xalqın birliyi və Vətən sevgisi sonsuz bir dərya kimi təqdim olunur. Əsərdə xalça sənətinin ənənəvi ifadə vasitələri müasir 4D məkan həlli ilə birləşdirilərək tamaşaçıya emosional və fəza təcrübəsi yaşadır.
Mərasimin sonunda rəssam Gülarə Salayeva tərəfindən “Dərya” adlı 4D xalça instalyasiyası Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edilib.
“Dərya” əsərinin beynəlxalq müsabiqədə birinci yerə layiq görülməsi və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına daxil edilməsi rəssamın yaradıcılığında mühüm hadisə olmaqla yanaşı, Azərbaycan müasir xalça sənətinin təbliği, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yaşadılması və milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından da xüsusi əhəmiyyət daşıyır.
“Dərya” adlı 4D xalça instalyasiyası Azərbaycan Milli Xalça Muzeyinə hədiyyə edildi. Azərbaycan Milli Xalça Muzeyində 44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr edilən, rəssam Gülarə Salayeva tərəfindən yaradılmış “Dərya” adlı 4D xalça instalyasiyasının muzeyə hədiyyə təqdim olunması mərasimi keçirilib.